Bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyevin qanunsuz əməlləri ilə əlaqədar aparılan araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanması barədə məlumat yaydı.
Sözügedən məlumatda bildirilirdi ki, istintaqla qeyd olunan vəzifədə işləyərkən Tanırverdi Tanırverdiyevin lisey müəllimlərinin 2017-2021-ci illər ərzində faktiki olaraq tədris etmədikləri halda rəsmi sənədləri saxtalaşdırıb həmin şəxslərə əlavə dərs saatının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 69 min 400 manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etməsinə, bir nəfər şəxsi həmin liseyə işə qəbul etmək üçün 2 min 500 manat məbləğində rüşvət almasına, habelə işə laqeyd münasibəti nəticəsində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş daxili qaydaların pozulması ilə dövlətin qanunla qorunan mənafelərinə 122 min 500 manat məbləğində zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Bütün bunların hamısı əyalətdə, paytaxtdan xeyli uzaq bir rayonda, kiçik bir peşə liseyində baş verənlərdir. Bəs görəsən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi çox uzaqda deyil, Tovuza qonşu olan Qazax rayonundakı Dovlət Sosial-İqtisadi Kollecinin fəaliyyətini araşdırsa nələr üzə çıxararlar?
Əvvəlcə gəlin kolleclə bir az yaxından tanış olaq. Qeyd edək ki, 26 avqust 2002-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Qazax Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmış bu kollecdə hazırda aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Peşə təlimi; Hüquq mühafizə fəaliyyəti;
Mühasibat uçotu;
Maliyyə işi;
Yol hərəkətinin təşkili;
Baytarlıq; Aqronomluq.
İllik qəbul təxminən 250 nəfər olmaqla, kollecdə 750 nəfərdən artıq şagird ixtisas təhsili alır. Burada dərs keçən müəllimlərin sayı barədə məlumat tapa bilmədik. Amma kimin rəhbərlik etdiyini hamı bilir. Kollecə direktorluq sanki Elşad Quliyevin alnına yazılıb.
Azı 20 ilə yaxındır ki, bu təhsil müəssisəsinə rəhbərlik edir. Eynən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin barəsində cinayət işi açdığı Tovuz Peşə Liseyinin direktoru Tanırverdi Tanırverdiyev kimi. O, da azı 20 il idi ki, peşə liseyinə rəhbərlik edirdi. Onun fəaliyyətinin son illərində bu qədər mənimsəmələr üzə çıxıbsa, görün 20 ildə nələr toplayıb bu adam.
Qazax Dovlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev də qonşudan geri qalan deyil. Onun fəaliyyəti barədə dövrü mətbuatda görün nələr yazırlar. Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əksər tələbələrinin təqaüdləri mənimsənilir. Bunu valideynlər iddia edirlər,biz deyil. Onlar uşaqlarının direktor tərəfindən cəzalandırılacaqlarından çəkinərək adlarının çəkilməsini istəmirlər.
Digər tərəfdən də valideyn və tələbələr dövlət sənədi olan qiymətləndirmə jurnallarında müəllimlər tərəfindən qeyd olunmuş qiymətlərlə, kollecin monitorinq və qiymətləndirmə şöbəsinin kompüterində qeydə alınmış və bilavasitə direktor tərəfindən tənzimlənən qiymətlər arasında ciddi fərqlər olduğunu iddia edirlər. Dövrü mətbuatın yazdığına görə Kollecdə müxtəlif ixtisasar üzrə təhsil alan tələbələrin çoxu il ərzində heç dərs üzü görmürlər. Çünki, tələbələrin əksəriyyəti rayonda qalmalı və ev kirayələməlidirlər. Belə olan halda müəyyən xərcə düşəcəyini anlayan tələbə ya onun valideyni dərhal Elşad müəllimlə “danışıqlara” gedərək birgə çıxış yolu tapırlar.
Qazax Dovlət Sosial-İqtisadi Kollecində dövlət vəsaitləri də mənimsənilir. Bunu isə Aktualinfo.org apardığı araşdırmalar zamanı üzə çıxarıb. Belə ki, Kollecin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməməsinə, bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsi, habelə satın alınan malların (xidmətlərin) gizlədilməsinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.
Qazax Dovlət Sosial-İqtisad Kolleci tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:
Cari təmir işlərinin satın alınması üzrə 07.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Maşın və avadanlığın satın alınması üzrə 18.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Cari təmir işlərinin satın alınması üzrə 27.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dəftərxana mallarının alınması üzrə 02.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dəfərxana malları üzrə 25.05.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Qeyd edək ki, Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Qazax Dovlət Sosial-İqtisad Kollecinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları gizlətmiş, müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Kollec tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.
Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Qazax Dovlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasınin keçirdiyi kotirovka sorğuları barədə Dövlət satınalmalarının rəsmi portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bu da yuxarıda qeyd etdiyimiz kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinin pozulması deməkdir.
Bütün yuxarıda göstərilən qanun pozuntuları ilə bağlı Qazax Dovlət Sosial-İqtisadi Kollecinin Tender Komissiyasna ünvanladığımız elektron sorğu məktubu cavabsız qaldı. Sonra da deyirlər ki, mətbuat birtərəfli mövqe tutur. Biz nə edək ki, Elşad Quliyevin rəhbəri olduğu kollecdə telefonlar belə işləmir. Hətta Qazax rayon İcra Hakimiyyətindən əldə etdiyimiz telefon nömrəsi belə.
Bu səhlənkarlıqla, nəzarətsizliklə Qazax Dovlət Sosial-İqtisadi Kolleci necə idarə olunur? Bu kollecin direktoru Elşad Quliyevin arxayınçılığından irəli gəlmirmi? Dövrü mətbuatda dərc olunmuş çoxsaylı yazılarda Kollecə rəhbərlik etdiyi uzun illər ərzində onun arxasında sabiq MTN rəisi Eldar Mahmudovun durduğu buldirilir. Amma Eldar Mahmudov indi yoxdur. Bəs indi Elşad Qulyevin arxasında dayanan, ona bir təhsil ocağında istədiklərini etməyə şərait yaradan kimdir?
Əslində onun arxasında Təhsil Nazirliyində gözəgörünməz bir qüvvə durur. Bu şəxs artıq dördüncü Təhsil naziri ilə çalışır. İdarə etdiyi Kollec də göz qabağındadır.
Göründüyü kimi keçmiş təhsil naziri olmuş Misir Mərdanovla işbirliyində olmuş Elşad Quliyev indi də gənc, islahatçı nazir Emin Əmrullayevlə fəaliyyətini çəkinmədən davam etdirir.
Amma Emin Əmrullayev bilməlidir ki, Qazax Dovlət Sosial-İqtisadi Kollecii təhsil ocağından daha çox bir rüşvət və korrupsiya, səhlənkarlıq, özbaşınalıq yuvasıdır. Onun direktoruun adı isə bir çox qaranlıq işlərdə hallanır.
Dövrü mətbuatın yazdığına görə, Elşad müəllimin vəzifəsindən sui-istifadə edərək bu illər ərzində dövlətin ətək-ətək pullarını müxtəlif yollarla çıxdaş edib, əvəzində sahibi olduğu var-dövləti sadalamaqla qurtarası deyil. Oğurladığı yüzminlərlə dövlət vəsaitlərindən və imtahanlardan, qəbuldan aldığı pulların hesabına Elşad Quliyev son illər ərzində Qazax mahalının ən varlı adamlarından birinə çevrilib.
Belə olmasaydı onun Hüseynbəyli kəndinin yolayrıcında,ikimərtəbəli mağazası, kafe-yeməkxana,çayxanası, «Azpetrol»un arxasında dəyəri 100 min manatı keçən villası, Bakıda neçə-neçə evləri olmaz, bir neçə adda xarici maşina sahib ola bilməzdi.
Mənbə aktualinfo.org