Lənkəran Sosial və Aqrar-Texnoloji Kollecində “Tələbələr arasında erkən nikah və narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, Kollecin müəllim və tələbələrinin, Lənkəran Şəhər Ağsaqqallar Şurasının üzvlərinin iştirak etdiyi tədbirdə erkən nikahın yaratdığı problemlər, narkomaniya və psixotrop maddələrin fəsadları müzakirə edilib.
Kollecin direktoru dosent Ruslan Həmidov narkomaniya və erkən nikahın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu qeyd edərək, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
Tədbirdə Lənkəran Rayon Ağsaqqallar Şurasının üzvü Güloğlan Bağırovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, gənclər arasında erkən nikah və narkomaniyanın qarşısının almaq üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalıdırlar.
Digər çıxış edənlər erkən nikahlar və narkomaniya ilə mübarizə məqsədilə təkliflərini bildiriblər.
Tədbirin sonunda Lənkəran Şəhər Ağsaqqallar Şurasının sədr müavini, yazıçı-publisist Səyavuş Süleymanlı şeir, oçerk, povestlərdən ibarət jurnal və kitablarını Kollecin tələbələrinə hədiyyə edib.
Azərtac