Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə noyabrın 21-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı noyabrın 19-u saat 11:00-dək aparılacaq. Bu günə olan məlumata görə, imtahanda iştirak etmək üçün 19 (AB - 4, AC - 15) nəfər qeydiyyatdan keçib. İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
Xatırladaq ki, imtahan vermək istəyən şəxslərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.