Logo

İşləyə bilmirsiniz, bağlayın o idarəni, gedin oturun evdə!

16.11.2021 15:04 480 baxış
IMG

Kubra Məhərrəmova yazır...

Bu Bakının daşını kim qoyubsa, sağ qoymayaydı, əyri qoyub. Hava çönən kimi Bakı qalır böyürü üstə. İşıq-qaz avtomatik kəsilir, internetin sürəti düşür, taksilərin qiyməti qalxır. Hər şeyə cəhənnəm deyib küçəyə çıxanda da Bakının küləyi adamın belini qırır. Bu müsibətlər içində mübarizə aparan paytaxt sakini, paytaxt sözünün altında bir dənə də yağlı qırmızı xətt çəkirəm ki, diqqəti üzərində saxlayım, hələ də mifik rəqəmin təqvimdə görünməsini dörd gözlə gözləyir. Nə imiş? Heç nə, istilik veriləcək tarix - noyabrın 15-i. İstəyirsən çovğun olsun, istəyirsən qar yağsın, dəxli yoxdur, 15 noyabrdır ki, 15 noyabr. 

Oxu.Az-ın məlumatına görə, bu gün etibarilə bəzi ərazilər üzrə artıq ikinci gündür ki, istilik sistemlərinin çalışmadığı bildirilir. Hələ bu azmış kimi məktəblərdə də uşaqlı-müəllimli, hamı gödəkçə-palto ilə oturur sinifdə. Elə bil ibtidai icma quruluşudur, biz də mağarada oturan ibtidai adamlar. Çünki gözləyirik, oradan bir ildırım ağaca vursun, ağacdan od çıxsın, biz də onu gətirib mağaramızı qızdıraq. Çünki 15 noyabr tarixi gəlməsə, istilik olmayacaq.

Şəxsən mən bu havada övladımı məktəbə yollamıram, cənab nazir. Bilirsiniz niyə? Çünki belə havada qızdırılmayan otaqda 45 dəqiqə oturan uşağa soyuq olur. Təsəvvür edirsiniz? Paytaxt məktəbi, mərkəzi şəhər məktəbləri, XXI əsrin şagirdi, soyuq sinifdə oturub. Təsəvvür etməkdə çətinlik varsa, bir baş çəkin məktəblərə. İndi deyəcəksiniz ki, bizim vaxtımızda da belə idi. Soyuq olurdu, amma biz məktəbdən qalmırdıq. Cənab nazir, bizim vaxtımızda valideynlər atışıb elektrik sobaları alırdı, qoyurdu sinfə ki, qızınaq. Bizim vaxtımızda ölkə parçalanmış vəziyyətdə idi. Bizim vaxtımızda çörək də yox idi yeməyə. Bu gün axı siz və sizin kimi əmilər isti kabinetlərdə oturub, kombinin dərəcəsini qaldırıb nazik ağ köynəkdə çay içir. Amma bizim uşaqlar məktəbdə donur.

Ən adi məişət problemləri həll olunmayan məktəbdə hansı bilikdən söhbət gedə bilər? Mən hələ bərbad vəziyyətdə olan məktəb ayaqyoluları barədə susuram. Yenə də gəlirəm bizi qarşıda gözləyən qış fəslinə. Həm də koronavirusun tüğyan etdiyi dövrə. Əgər adamın bədənini soyuq tutubsa, koronavirusun onu yaxalaması an məsələsidir. Bəs nə edək? Uşağımızı öldürək? 

Oxu.Az-a açıqlama verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, hazırda bütün qazanxanalara qaz verilişi təmin edilib: “Qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Bizə verilən məlumata əsasən, bütün qazanxanalara qaz verilişi təmin edilib. Hazırda şikayət daxil olan ərazilər üzrə əməkdaşlarımız yoxlanışa cəlb edilib. Onlar yerindəcə qazanxanalardakı vəziyyətin necə olduğunu öyrənəcəklər. Vəziyyət araşdırılıb, məlumat veriləcək. 

Mən də məlumat verim ki, nə binalarda, nə də məktəblərdə istilik yoxdur. Gedin baxın. Səhərdən onlarla vətəndaş həm şəxsi mesaj bölməsinə, həm də redaksiya şikayət edir ki, bu çovğunlu havada istiliksiz qalmışıq. Niyə büdcədən ayrılan vəsait lazımı yerlərə xərclənmir? Niyə vətəndaşlar evlərini öz hesablarına, onsuz da limitli olan elektrik enerjisi ilə isitməlidir. Axı hər kəsin kombi sistem quraşdırmağa imkanı yoxdur.

Bir də ki, madam dövlət vətəndaş üçün istilik sistemi qurub, pul ayırır, verin də bu istiliyi camaata! Nə qədər yalandan insanların başını aldadıb, vəsait mənimsəyəcəksiniz? Madam ki, işləyə bilmirsiniz, bağlayın o idarəni, gedin oturun evdə. Yerinizə normal işləyə bilən kadrlar gəlsin. Xala-xətrin qalmasın tipində açıqlamalar vermək üçün gəlmirsiz həmin o isti kabinetlərinizə. Katibəniz də nazlana-nazlana sizə çay gətirir.

Vətəndaş isə soyuqdan evində, məktəbdə donur!

Xəbər lenti