ADPU-da magistrantlar Zəfər Gününə həsr olunan tədbir keçirib
Noyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin Xarici Dillər Mərkəzinin dosenti Qəribə Məmmədovanın təşkilatçılığı ilə şöbənin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə AZD2101M qrup magistrantları tərəfindən keçirilən tədbir “Victory Day – Zəfər Günü” və “Our Martyrs – Şəhidlərimiz” mövzusunda olub.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün müdafiəsi zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxışlar dinlənilib, magistrantların hazırladıqları videoçarxlar təqdim edilib, slaydlar nümayiş olunub. Tədbirin sonunda kollektiv şəkildə Azərbaycanın Milli Qəhrəmanı Koroğlu İsmayıl oğlu Rəhimovun abidəsi ziyarət olunub, büstünün önünə gül qoyulub.
Qeyd edək ki, noyabrın 3-də də magistrantlar müəllimlərlə birlikdə “8 Noyabr - Zəfər Günü” ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edərək Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, onların əziz xatirələrini dərin ehtiramla yad ediblər.