Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) magistrant və tələbələrdən ibarət komandası “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla iştrak edib. Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında 48 ali təhsil ocağı arasında ADPU komandası 5-ci yeri tutub.
Magistratura və doktorantura şöbəsinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə I tədris ili magistrantı, yarışda komandanın kapitanı Asim İbrahimov, “Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə II tədris ili magistrantı Taleh Mirzəyev, SABAH Magistraturası proqramında “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə I tədris ili magistrantları Samir Nəsibzadə və Rasim Həsənzadə, Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə IV tədris ili tələbəsi Tərlan Ağayev, Tarix müəllimliyi ixtisası üzrə IV tədris ili tələbəsi İsmayıl Nəsirovdan ibarət komandanın rəhbəri universitetin Azərbaycan tarixi kafedrasının dosenti Samir Baxşəliyev olub.
"Regional İnkişaf" İctimai Birliyinin konüllülərinin dəstəyi ilə keçən yarışda komandalar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın Ermənistanın işğalından azad olunması uğrunda aparılmış Vətən müharibəsi və zəfər tarixi ilə bağlı mövzuları əhatə edən sualları cavablandırıblar. 3 turdan ibarət olan bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədilə komandaları, o cümlədən ADPU təmsilçilərinin Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub.