2021-ci il 16 noyabr tarixindən 12 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.
Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 41-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 13-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Energetika Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şirvan Apellyasiya Məhkəməsində aparat rəhbəri vəzifələridir.
Ümumilikdə isə Qida Təhlükəsizliyi Agentliyində 13, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8, Maliyyə Nazirliyində 7, Mədəniyyət Nazirliyində 5, Diasporla İş üzrə Dövlət Komitəsində 5, Dövlət Statistika Komitəsində 4, Energetika Nazirliyində 4, Kənd Təsərrüfatı Nazirliyində 2, Hesablama Palatasında 2, Şirvan Apellyasiya Məhkəməsində 2, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilər:
Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;
1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 16 noyabr 2021-ci il tarixindən 6 dekabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.