Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) I kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin və 2021-ci il məzunlarına həmin universitetin diplomlarının təqdimetmə mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransa Respublikasının ölkəmizdəki səfiri Zakari Qross, Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti və UFAZ-ın Tədqiqat Departamentinin rəhbəri Filip Turek həmçinin tələbələr iştirak ediblər.
Əvvəlcə Fransanın səfiri Zakari Qross və ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ Tələbə Şurası üçün ayrılmış xüsusi otağın açılışında iştirak ediblər. UFAZ tələbə klublarının nümayəndələri ilə görüşən qonaqlara tələbə klubları və onların fəaliyyəti haqqında məlumat verilib.
Tədbiri giriş sözü ilə açan UFAZ-ın baş katibi Elizaveta Bydanova qonaqları salamlayaraq, bu il UFAZ-ın bakalavar pilləsinə 140 nəfər tələbənin qəbul olunduğunu deyib. ADNSU ilə Strasburq Universiteti arasında əməkdaşlığın əhəmiyyətindan danışan E.Bydanova UFAZ məzunlarının geniş təcrübəyə malik olduqlarını diqqətə çatdıraraq onların əmək bazarında geniş imkanlara malik olduqlarını qeyd edib.
Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor M. Babanlı Müstəqil Azərbaycan gənclərinin, xüsusilə UFAZ məzunlarının, hər bir sahədə Azərbaycana daha yaxşı xidmət etmək üçün çalışmalı olduqlarını və gələcək inkişaf üçün onların üzərinə böyük vəzifə düşdüyünü deyib. Rektor M.Babanlı II Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olan əsgərləri xatırladaraq, hər bir gəncin öz sahəsində vətənə xidmət etməli olduğunu deyib. UFAZ layihəsinə böyük etimad göstərildiyini diqqətə çatdıran rektor M.Babanlı layihənin tərəfdaşlarına təşəkkür edib və məzunlara uğurlar arzulayıb.
Fransa Respublikasının ölkəmizdəki səfiri Zakari Qross çıxışında UFAZ-ı iki ölkə üçün çox mühüm layihə kimi dəyərləndirib və bu günkü məzunların təkcə UFAZ-ı deyil, Fransa-Azərbaycan tərəfdaşlığını və həmin tərəfdaşlığın nailiyyətlərini təmsil etdiyini deyib.
Filipp Turek çıxışında Strasburq universitetinin tələbə kartlarının üstünlükləri barədə tələbələrə məlumat verib.
Sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə sertifikatlar və tələbə kartları təqdib edilib. Tədbirdə, həmçinin, 2021-ci il UFAZ məzunlarına Strasburq universitetinin diplomları verilib.
Sonda tələblərlə xatirə şəkli çəkilib və UFAZ tələbələri musiqi nömrələri ilə çıxış edib.