Logo

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda onlayn təlim təşkil edilib

17.11.2021 15:52 490 baxış
IMG

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsinə uyğun olaraq inzibati vəzifə tutan dövlət qulluqçusunun mükafatlandırılması, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi, dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəb edilməsi, dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun olaraq digər analoji vəzifəyə keçirilməsi və ya onun aşağı vəzifəyə keçirilməsi nəzərdə tutulmuşdur. Qiymətləndirilmənin obyektiv və qaydalara uyğun olaraq düzgün aparılmasında bilavasitə rəhbər və dövlət orqanlarının insan resursları bölmələri (kadr məsələləri üzrə məsul şəxs) əhəmiyyətli rola malikdir.

Dövlət İmtahan Mərkəzi dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması və bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsini daim diqqətdə saxlayır. Qeyd edilənlərə əsasən, 2021-ci il 17 noyabr tarixində mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının, o cümlədən dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanlarının aidiyyəti şöbələrinin müdirləri və kadr məsələləri üzrə məsul şəxslərin iştirakı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda onlayn təlim təşkil edilib. Təlimi Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov aparıb. Təlimdə 67 dövlət qulluqçusu iştirak edib.

Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə təqdimat olunub. Habelə, təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq təcrübə barədə məlumat verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti