"Mən, Canizadə Samir Rasim oğlu 2020-ci il MİQ imtahanında 53 bal toplayaraq vakansiya seçimi ilə Yardımlı rayonu, Məlikli kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətə başlamışam. Qeyd edim ki, həmin kənd rayonun ucqar hissəsində yerləşir. Könüllü olaraq seçim zamanı ilk yerə həmin məktəbi qeyd etmişdim. Vakansiya siyahısında ixtisasımdan 1 yer, 17 saat dərs yükü qeyd edilmişdi. Tədris dövründə mənə aydın oldu ki, məktəbdə Azərbaycan dili və ədəbiyyat üzrə 29 saat dərs yükü var imiş. Yardımlı Rayon Təhsil Şöbəsi yerdə qalan 12 saat dərs yükünü gizlədərək saxta yolla öz metodistinə müddətli müqavilə ilə vermişdir. Təhsil Şöbəsi saxta təqdimat hazırlayaraq qeyd edib ki, güya həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi çatışmazlığı var. Halbuki mən həmin məktəbə daimi əsaslarla işə qəbul olunmuşam. Tədris ili başlamazdan öncə Təhsil Şöbəsinə müraciət edərək xahiş etdim ki, həmin dərs saatları mənə verilsin. Çünki topladığım bala əsasən düstura uyğun 36 saata qədər dərs demək hüququm var. Həmçinin müddətli müqavilə əsasında işləyən müəllimin müqavilə müddəti bitmişdir. Bəs necə olur ki, müəllim olduğu halda Təhsil Şöbəsi belə bir təqdimatla Təhsil Nazirliyini aldadaraq dövlətin pulunu saxta yolla mənimsəyir? Əgər müəllim çatışmazlığı varsa, niyə yerdə qalan dərs saatları vakansiyaya çıxarılmır? Bu qədər işsiz müəllim olduğu təqdirdə hansısa metodist ikinci iş yeri kimi saxta yolla bu işə təyin edilir. Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciət etməyimə baxmayaraq, şikayətimə baxılmayıb. Hər müraciətimdə problemimi şikayət etdiyim Təhsil Şöbəsinə araşdırmağı tapşırırlar. Onlar da mənim şikayətimi təmin etmirlər. Sizcə, mümkündürmü şikayət olunan tərəf məsələyə ədalətli yanaşsın? Necə olur ki, digər məktəblərdə müəllimlər 30 saatadək dərs deyə bildiyi halda mənə bu imkanı qanuni cəhətdən həyata keçirməyimə şərait yaratmırlar? Yardımlı rayon Təhsil Şöbəsi tabeliyində olduğu məktəblərə öz biznes mərkəzi kimi yanaşır və hər şeyi istəyinə uyğun edir.
Sizdən xahiş edirəm ki, bu məsələni ictimaləşdirib Yardımlı rayon Təhsil Şöbəsini ifşa edəsiniz və bu problemi yuxarı dövlət dairələrinin nəzərinə çatdırmaqla mənə dəstək olasınız. Öncədən Sizə minnətdarlığımı bildirirəm".
Canizadə Samir Rasim oğlu (Şikayətçi)
QEYD: "Tehsil.biz" redaksiyası mövzu ilə bağlı araşdırmalara davam edir və qarşı tərəflərin söz azadlığını tanıyır!