Azərbaycanda ilk dəfə ikili diplom əsasında Bakı Ali Neft Məktəbində (BANM) tədris olunan neft-qaz menecmenti üzrə MBA proqramı Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə reallaşdırılır. Uğurla davam edən əməkdaşlıq sayəsində MBA proqramının ilk məzunları hər iki universitetin diplomlarını əldə edəcəklər.
Bu barədə BANM-dən məlumat verilib. Bildirilib ki, bu magistratura pilləsində tələbələr ixtisasın dərinləşməsi ilə yanaşı, sosial bacarıqlar, liderlik, strateji analiz və qazandıqları bilikləri biznesdə praktik tətbiq etməyi öyrənirlər.
Belə ki, Neft-qaz menecmenti üzrə MBA tədris proqramı çərçivəsində tələbələrə neft-qazın treydinqi, rəqəmsal idarəetmə, blokçeyn menecmenti və digər müasir fənlər də tədris olunur.
Fərdi liderlik fəaliyyəti və kiçik komanda layihələri üçün nəzərdə tutulan və 120 krediti əhatə edən proqram neft-qaz sənayesi sahəsində uzunmüddətli karyera uğurlarına nail olmaq məqsədi daşıyır.