Azərbaycan dilçiliyinə, xüsusən də türkologiyaya xidmət edən araşdırmalar müəllifi
Mən, filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədlini otuz ildən çox olar ki, tanıyıram. Vaxtı ilə bizim institutumuzda Azərbaycan dilinin tədrisi metodikası şöbəsi fəaliyyət göstərirdi və ona mərhum professor Əziz Əfəndizadə rəhbərlik edirdi. Şöbədə mütəmadi olaraq Azərbaycan dili təliminin problemləri müzakirə olunurdu. Respublikamızın görkəmli dilçi alimləri, xüsusilə məktəblə bağlı olan linqvist alimlər bu tədbirlərdə iştirak edər, Azərbaycan dili təlimi məsələlərinin həllində öz köməklərini əsirgəməzdilər. İsmayıl müəllim də belə dilçi alimlərimizdən biri kimi həmişə şöbə ilə əlaqə saxlayardı. Professor Əziz Əfəndizadə İsmayıl müəllimi istedadlı dilçi alim kimi bizə misal çəkər, onun Azərbaycan dilinin müxtəlif problemləri ilə bağlı məsələlərdə təkcə mütəxəssis kimi deyil, həm də bir vətəndaş alim kimi iştirakını xüsusi qeyd edərdi.
Doğrudan da, İsmayıl müəllimin o vaxtlardan yalnız dilçi alim kimi deyil, həm də dilin qorunması, inkişaf etdirilməsi, zənginləşməsi və geniş yayılmasında ictimai fəallığı aydın görünürdü. Elə onun nəticəsi idi ki, 1981-1990-cı illərdə on ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Teleradio Şirkətində “Azərbaycan dili” və “Dil xalqın mənəvi sərvətidir” (dünya azərbaycanlıları üçün) televiziya və radio proqramlarının təşkili və aparılması ona həvalə olunmuşdu. Bu verilişlər öz məzmunu və quruluşuna görə televiziya və radionun tarixində indi də xüsusi əhəmiyyəti olan verilişlər kimi xatırlanmaqdadır.
İsmayıl Məmmədli xarakter etibarı ilə səmimi və mehriban olduğu qədər də xalqın milli mənəvi atributlarından biri olan dili ilə sadəcə məşğul olmaq yox, ona daxilən bağlı olan, onu qəlbən sevən, daxili və zahiri gözəlliklərindən doymayan bir vətəndaş alimdir. Özünün qeyd etdiyi kimi, söz bir inci kimi həmişə gözlərim qarşısında bərq vurur. Onun sirləri sehirli bir qüvvə kimi məni həmişə valehedici bir gözəlliklə özünə doğru dartır. Bəlkə də, elə bu səbəbdəndir ki, onun elmi fəaliyyətinin, demək olar ki, əksər hissəsi Dilçilik İnstitutunun Lüğətçilik şöbəsi (indi Tətbiqi dilçilik şöbəsi) ilə bağlı olub. Akademik Əliheydər Orucov kimi müqtədir leksikoqraf alimin yaradıcılıq məktəbini uğurla davam etdirə bilib.
Müəllimim, mərhum professor Məmmədhüseyn Təhmasib deyərdi ki, lüğət ən etibarlı mənbədir, kimin kitabxanasında çox lüğət varsa, o kitabxana zəngindir. Bu mənada lüğətlər həm mötəbərdir, tədqiqatçıların tərəddüdsüz üz tutduğu, istinad etdiyi ədəbiyyatdır, həm də unikal bir yaradıcılıq nümunəsidir. Bu nümunələrdə lakonika ilə semantika mükəmməl bir strukturda birləşir. Canlı dilin sözlər aləmi bu məntiqlə sərgilənir. Belə araşdırmaları aparanlarda səbr, hövsələ, sözlərlə təmasa girəbilmə, onların ən incə məqamlarını belə unutmamaq, mənalandırmaq, daha aydın və anlaşıqlı bir dildə təqdim edə bilmək qabiliyyəti tələb olunur. Onlar həm də cəmiyyətin istək və arzularına yaxından bələd olmalı, lüğətlərdən istifadə edəcək böyük bir xalq ordusunun tələbatı qarşısında hesabatlı olmalarını dərk etməlidirlər.
Heç şübhəsiz, professor İsmayıl Məmmədlidə bütün bu keyfiyyətlər vardır. O, fəaliyyəti dövründə zaman-zaman Azərbaycan dilini tarixiləşdirən, onun söz inciləri salnaməsini yaradan lüğətlərin hazırlanması işinə rəhbərlik etmiş və bilavasitə özü bu lüğətlərin həm müəllif, həm də elmi redaktor kimi məsuliyyətini daşımışdır. Nəticədə “Azərbaycan dilinin izahlı lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, eləcə də frazeologiya, məcazlar və digər lüğətlər yaranmışdır.
Əgər biz, Azərbaycan dilçiliyinin sahələri ilə müqayisədə leksikoqrafiyada qədərincə araşdırmaların aparılmadığını nəzərə alsaq, o zaman sırf lüğətlərin yaradılması ilə bağlı görülmüş işlərin əzəmətini aydın təsəvvür edə bilərik.
İsmayıl Məmmədlinin əsas araşdırmaları Azərbaycan dilçiliyi üçün, xüsusən də türkologiya üçün çox önəmli hesab edilir. Bu tədqiqatlarda mühüm hesab edilən məsələlər - sahə leksikaları içərisində qədimlik, zənginlik, millilik, məhsuldar sözyaratma və üslubi imkanları ilə seçilən etnoqrafik leksikanın öyrənilməsi əhatə olunmuşdur. O, ilk dəfə olaraq sahə leksikaları üzrə monoqrafik yolla araşdırmalar aparmışdır. Azərbaycan dilçiliyində etnoqrafik leksika əsasında söz yaradıcılığının aparıcı mövqeyini aşkar etmiş, tematik, struktur-semantik, funksional-üslubi, sinxron, habelə etnik-kulturoloji, tarixi planda linqvistik təhlil aparmış, etnolinqvistikanı məktəb səviyyəsinə qaldırmışdır.
50 ilə yaxın bir yaradıcılıq yolu keçmiş İsmayıl müəllimin fəaliyyətinin mühüm istiqamətlərindən birini də pedaqoji sahədə gördüyü işlər təşkil edir. Əslində bu keyfiyyət fundamental elm sahəsində məşğul olan hər alimə qismət olmur. Nə zaman ki, akademik sahələrdə məşğul olanlar özlərində bir öyrətmək, məktəbdarlıq hissi duyurlar, o zaman fəaliyyətlərinə bir müəllimlik istiqaməti də əlavə edirlər. Professor İsmayıl Məmmədli də belə alimlərimizdəndir.
İsmayıl Məmmədli ruhən müəllimdir. Paralel olaraq özünün tədqiqatçılığı ilə yanaşı, müəllimliyini də davam etdirən alimdir. O, ali təhsil müəssisələrində “Müasir Azərbaycan dili”, “Nitq mədəniyyətinin əsasları”, “Türkologiyanın müasir problemləri”, “Üslubiyyat”, “Natiqlik sənəti”, “Dilçiliyə giriş” fənlərindən, lisey və gimnaziyalarda isə Azərbaycan dili və ədəbiyyatdan dərslər aparır. Dərs dediyi ali təhsil müəssisələrində həmişə tələbə və şagirdlərinin məhəbbətini qazanan nüfuzlu müəllim kimi tanınır.
İsmayıl müəllim həm də təhsil müəssisələrinin, xüsusən Azərbaycan dili təliminin aktual problemlərinin həll olunmasında yaxından iştirak edir. O, əvvəllər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) nəzdindəki Azərbaycan dili fənni üzrə proqram, dərslik komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Eyni zamanda Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) hazırlayan işçi qrupunun üzvü kimi yeni kurikulumların hazırlanmasında iştirak etmişdir.
İsmayıl müəllim bu gün də həm bir dilçi alim, həm də pedaqoq, təhsillə əlaqəli bir mütəxəssis kimi fəaliyyətini davam etdirməkdədir.
Ona 75 illik yubileyi münasibətilə bu yolda cansağlığı, xoşbəxtlik, ailə səadəti və daha böyük yaradıcılıq uğurları arzulayıram.
Ənvər ABBASOV,
Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim