Bu il ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin (ATU) adı İFSO beynəlxalq təşkilatının Qlobal reyestrinə daxil olunub. İllik hesabat şəklində dərc olunan bu reyestrdə inkişaf etmiş dövlətlərdə bariatrik cərrahiyyə sahəsində aparılan əməliyyatların, qeydə alınan və müalicə edilən xəstəliklərin dəqiq sayı və dürüstlük əmsalı əks olunur.
Tehsil.biz xəbər verir ki, reyestrdə hər bir dövlətdə qeydə alınan xəstəliklərin, icra olunan əməliyyatların sayı, aparılma qaydası, nəticəsi, həmçinin yanaşı xəstəliklər, ağırlaşmaların olub-olmamasına dair qeydiyyat məlumatları əks olunur. Bu məlumatlar xüsusi beynəlxalq ekspertlər tərəfindən dəqiqləşdirildikdən sonra dərc olunur.
Mərkəzi İngiltərədə yerləşən qlobal reyestrdə dünya üzrə ölkələr 5 regional ərazi vahidləri üzrə şöbələrlə təmsil olunur. Artıq ATU ölkəmizin baraitrik metabolik cərrahiyyəsini rəsmi olaraq Qlobal Reyestrdə təmsil edir. Burada ölkəmizdə aparılan əməliyyatlar barədə məlumat piylənmə ilə yanaşı xəstəliklərin varlığı, fəsadları və sair beynəlxalq dürüstlük əmsallarına xitab edərək qeyd olunub.
Ölkəmizin bu sistemə daxil olmasında xüsusi əməyi olan ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik cərrahlar dərnəyinin sədri, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov qeyd edir ki, ölkəmizin səhiyyə sisteminin cərrahi bölmələrindən birinin belə bir mötəbər ümumdünya reyestrində təmsil olunması bir ilk olmaqla yanaşı, çox ciddi və effektiv addımdır:
“Reyestrin sayca 6-cı hesabatında 50 dövlət təmsil olunur. Bir neçə ildir ki, biz də ölkəmizdə aparılan bariatrik-metabolik cərrahi əməliyyatların belə bir mərkəzləşmiş mötəbər sistemdə reyestrə düşməsi üçün çalışırdıq. Nəhayət, bu il istəyimizə nail olduq. Azərbaycanda əməliyyatların beynəlxalq standartlara görə uyğunlaşmaların aparılması, hesablama əmsallarının qlobal düsturların köməyilə hazırlanması, həmçinin ölkə səhiyyəsinin bariatrik-metabolik cərrahiyyəsinin dünyada getdikcə daha çox tanınması və qəbul olunması bu il bizim də Qlobal reyestrdə yer alan 50 dövlətin sırasına qoşulmağımızla nəticələndi. Hesabatın sistemə daxil edilməsi və beynəlxalq ekspertlərin sorğularının cavablanması 8 ay ərzində aparılan intensiv danışıqlar əsasında baş tutdu. Nəticədə artıq Azərbaycan səhiyyəsi, ATU, həmçinin bariatrik-metabolik cərrahiyyəmiz dünyanın 1 saylı Hesabat Reyestrində əks olunur”.
Qeyd edək ki, bu hesabatda 50 ölkədə aparılan 507 mindən çox əməliyyat haqqında məlumatlar əks olunub. Cari məlumat bazasında məlumatların təqdim edildiyi hər 10 ölkə region reyestrinin hüquqları ilə təmsil olunur. Reyestrdə iştirak edənlərin orta BKİ göstəricisi Asiya-Sakit Okean regionunda 38,9 kq m2 arasında dəyişib. Reyestrdə iştirak edənlərin orta yaşı Yaxın Şərqdə – Şimalda 33,1 yaş, Şimali Amerikada 44,3 yaş arasında dəyişib. Əməliyyat olunan kişilər qadınlardan daha böyük yaşda olublar.
Reyestrdə qeydə alınan əməliyyatların əksəriyyəti sleeve qastrektomiya olub. Bundan sonra Roux en Y, mədə bypass prosedurları daha çox icra edilib. Bu kimi dəqiq və yoxlanılmış dürüstlük əmsalları əsasında ümumilikdə 104 səhifəlik hesabat nəşr olunub.