26-27 noyabr tarixlərində Naxçıvan şəhərində Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) keçiriləcək.
Elmi konfransın keçirilməsində məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.
Elmi konfransın birinci günü panel iclasında təhsilin idarə olunması üzrə mütəxəssis, Finlandiyanın “HundrED” qlobal təhsil təşkilatının icraçı direktoru və həmtəsisçisi Lasse Leponiemi “Ümumi təhsildə məzmun islahatları” mövzusunda məruzə edəcək.
Lasse Leponiemi 2003-cü ildən gənclərin təhsil və karyera planlaması sahəsində çalışır. 2008-ci ildə Finlandiyada universitet təhsili ilə maraqlanan hər kəsi əhatə edən elektron tələbə məsləhəti və marketinq xidmətinin əsasını qoyub. 2012-ci ildən təhsil konsepsiyalarının hazırlanması ilə məşğuldur.