Logo

Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi

21.11.2021 12:58 943 baxış
IMG

Qədim yaşayış məskənlərindən biri olan Kəlbəcər zəngin tarixi və mədəni irsi ilə, zəngin təbiəti və strateji-coğrafi mövqeyi ilə Azərbaycanın dilbər güşələrindən biridir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.  Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır.  Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir.  3054 kvadrat kilometr ərazisi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Qədim Daş dövründə ilk insanların məskunlaşdığı mağaralardan olan Zar mağarası burada yerləşir. Bundan başqa Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Kəlbəcər rayonunun şərqində - rayonun 29 kilometrliyində yerləşən Xudavəng məbəd kompleksidir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.  Çox təəssüflər olsun ki, erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrimizin əksəriyyətini məhv ediblər. 

İşğala qədər 88 300 nəfər əhalisi olan Kəlbəcərə 1930-cu il 8 avqust tarixində inzibati rayon statusu verilmişdir.  Rayonun ərazisi 3054 kv.  km.  təşkil edir.  Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Tarixən xalqımıza düşmən kəsilən ermənilər 1977-ci ildə guya Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırmışdılar. Lakin o zaman Azərbaycana rəhbərlik edən Ümummili lider Heydər Əliyev bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırmaqla mərkəzin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. XX əsrin 80-ci illərinin sonu- 90-cı illərin əvvəllərində Sovetlər birliyinin dağılması ilə ermənilərin Qarabağda separatçılıq meyilləri gücləndi.  Müstəqilliyini yeni bərpa edən respublikada hakimiyyət boşluğu, hərc-mərclik və Ermənistanın böyük dövlətlər tərəfindən dəstəklənməsi rayonlarımızın mənfur qonşularımız tərəfindən ardıcıl işğal olunması ilə nəticələndi. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu da işğal edilmişdir.  İşğal nəticəsində 511dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.  İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix- diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s.  talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.  

BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.  Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.  Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur.  Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.  

44 Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycanın rəşadətli ordusunun gücü BMT qətnaməsinin reallaşmasını təmin etdi.  Müharibənin ilk günlərində Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi.  

Prezident İlham Əliyevin qeyd etdiyi kimi “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. BizKəlbəcərin şimal hissəsində strateji yüksəklik ləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərinibuistiqamətdəböyükdərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər.  Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.  Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində 2020 -ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın15- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilməli idi.  Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır.  Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Lakin erməni vandalları vəhşiliklərindən əl çəkməyərək, məğlubiyyətləri ilə barışa bilməyərək Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirərək yaşayış evləri ilə yanaşı meşələri də yandırmışdır. Nəhayət, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olaraq Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi nəzarət altına almışdır. 
Ümummilli lider Heydər Əliyevin vaxtilə dediyi sözlər reallığa çevrildi: “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur.  Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonuErmənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”. 

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 

Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilmişdir.  İşğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar.  Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağınıqaldırdı. Dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə, Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək.  Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib. 

Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub. 
Bu gün işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Kəlbəcərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Tezliklə öz yurd- yuvalarından didərgin düşmüş kəlbəcərlilər doğma torpaqlarına qayıdacaqlar və bu dilbər güşəmizin öz etnik, tarixi və mədəni mənzərəsi təbiət gözəllikləri ilə vəhdətdə inkişaf edəcək. 

Elvin Abdulov,

Ucar şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi

Xəbər lenti