Logo

Ağsuda məktəblilərin “Zəfər qəhrəmanları” sərgisinə ekskursiyaları təşkil olunub

21.11.2021 15:55 582 baxış
IMG

Ağsuda Pirhəsənli kənd tam orta məktəbinin IV sinif şagirdlərinin və Ağsu Tədris Mərkəzinin məktəbəqədər qrupunun “Orta əsr Ağsu şəhəri” Tarix-Mədəniyyət Qoruğuna ekskursiyaları təşkil edilib və ekskursiya çərçivəsində şagirdlər qoruqda yaradılan “Zəfər qəhrəmanları” sərgisi ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Zəfər qəhrəmanları” sərgisi Vətən müharibəsində tarixi qələbənin birinci ildönümü münasibətilə təşkil olunub. Dekabrın 31-dək davam edəcək sərgidə qırx dörd günlük döyüşlərdə şəhidlik zirvəsinə ucalan 34 nəfər ağsulunun şəxsi geyimləri, mülki və hərbi əşyaları, fotolar, sənədlər, medallar və sair eksponatlar nümayiş etdirilir.

Ekskursiya zamanı qoruğun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 44 günlük Vətən müharibəsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə barədə məktəblilərə ətraflı bilgilər verib, onları sərgidə nümayiş etdirilən eksponatlar, bu eksponatların sahibi olan şəhid ağsulular barədə məlumatlandırıb. Sərgi ilə tanışlıq zamanı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti