Logo

Gəncədə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

23.11.2021 11:59 407 baxış
IMG

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi  ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda DQİDK-nın sədr müavini Gündüz  İsmayılov, şöbə müdiri Nahid Məmmədov, Gəncə bölgəsi üzrə şöbənin müdiri Həsən Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Azər İbrahimov iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Gündüz İsmayılov bildirib ki, ölkədə hazırda dini durum sabitdir və son illərdə bu sabitlik daha da möhkəmlənib. Həm beynəlxalq miqyasda, həm də ölkə səviyyəsində görülən tədbirlər, radikalizmlə mübarizənin kompleks şəkildə həyata keçirilməsi öz bəhrəsini verir. Azərbaycanda radikalizmlə mübarizə üç istiqamətdə həyata keçirilir - ideoloji, iqtisadi və hüquqi müstəvidə. Radikalizmin birdən-birə yox, mərhələli şəkildə yarandığını bildirən sədr müavini, ilkin mərhələdə qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, ilkin meyillərin yaranması dedikdə, buna xurafatı misal gətirmək olar. Əgər xurafat varsa, onun növbəti mərhələsi mütləq radikalizm olacaq. Bu səbəbdən də ideoloji müstəvidə təbliğatın gücləndirilməsi daha vacibdir.

Gəncədəki dini vəziyyəti təhlil edən sədr müavini bildirib ki, radikalizmin yaranmasının əsas səbəblərindən biri də insanların etnik kimliyidir. “Xalqımızın xüsusiyyətləri elədir ki, onları radikalizmə yönəltmək heç də asan deyil. Azərbaycanda radikal ideya və dini düşüncələrin, habelə radikal və ekstremist qrupların özünə köklü yer tapması mümkün deyil. Xüsusilə də Gəncə kimi, öz milli-mənəvi dəyərlərinə, soy kökünə sadiq olan bir şəhərdə” – deyə Gündüz İsmayılov əlavə edib.

DQİDK-nın şöbə müdiri Nahid Məmmədov mövzu ilə bağlı çıxış edərək bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri bütün növ ekstremizmə qarşıdır. İslam dini zorakılığı, başqalarının azadlığını pozmaq cəhdlərini qəbul etmir. Ölkəmizdə dinlə dövlət ayrı olsa da, bir-birinə daim dəstək olub. Məhz bu baxımdan Azərbaycan multikulturalzmi dünyaya nümunədir. N.Məmmədov gəncləri aqressiv münasibət sərgiləməkdən çəkinməyə və daim sağlam bilgilər əldə etməyə çağırıb.

DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov Gəncədə dini radikalizmlə mübarizə çərçivəsində aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, aparılan təhlillərlə radikalizm və ekstremizmin əsas qurbanlarının məhz gənclər olduğu müəyyən edilib. Bu fakt nəzərə alınaraq keçirilən maarifləndirmə tədbirlərinə şagird və tələbələrin cəlb olunmasına xüsusi diqqət yetirilir.

Seminarda yeniyetmə və gənclərə dini radikalizm və ekstremizm barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iki gün davam edəcək seminar çərçivəsində DQİDK tərəfindən Məhsəti Gəncəvi Mərkəzində kitab sərgisi təşkil olunub. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap edilmiş 50 adda 1000-dən artıq kitab sərgi iştirakçılarına hədiyyə edilib.

Xəbər lenti