Logo

Rektor “Açıq mikrofon” layihəsində sualları cavablandırıb

23.11.2021 15:41 72 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, Ali təhsil müəssisəsinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran rektor tələbələrə qarşıda duran məqsəd və hədəflərdən bəhs edib. A.Şirinov təhsilalanlara dərslərində fəal olmağı, dərin biliklərə yiyələnməyi tövsiyə edib.

Aİİ rəhbəri qeyd edib ki, İnstitutda təhsil sistemi müasir dövrün tələblərinə uyğun qurulub. A.Şirinov xurafatın aradan qaldırılması üçün dini elmlərlə yanaşı, dünyəvi elmlərin də mənimsənilməsinin vacib olduğunu vurğulayıb.

Ali tədris müəssisəsinin rəhbəri daha sonra qeyd edib ki, din təkcə teoloji deyil, eyni zamanda, ictimai, psixoloji, tarixi və fəlsəfi yönləri olan bir fenomendir. Bu baxımdan, din müxtəlif aspektlərdən öyrənilməli, müasir dövrün reallıqları nəzərə alınmalıdır.

A.Şirinov ali təhsil müəssisəsində təşkil olunan fiqh, hədis və ərəb dili kursları haqqında da məlumat verib. Bildirib ki, kurslar tələbələrin biliklərinin təkmilləşdirilməsi üçün təşkil olunub. Tələbələrin dünyagörüşünün artırılması məqsədilə müxtəlif müsabiqələr və səfərlər həyata keçirilir.

Tədbirdə tələbələrin tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında sualları cavablandırılıb.

Xəbər lenti