Logo

BANM-in Prezident təqaüdçüsü: “BANM-də təhsil almaq xaricdə təhsil almaq kimidir”

24.11.2021 09:24 758 baxış
IMG

Prezident təqaüdçüsü Gülay Nəzərova 2003-cü ildə Bakıda doğulub. Bakı şəhər 284 saylı tam orta məktəbdən Fərqlənmə attestatı ilə məzun olub. Ziyalı ailəsində anadan olan Gülayın atası dosent, anası müəllimə, böyük bacısı fizika üzrə doktorantdır. Gülay Nəzərova 686.9 balla Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub.

- Bakı Ali Neft Məktəbində ali təhsil almaq istəyi necə yarandı?
- Əslində, xarici ölkədə təhsil almaq istəyirdim. Abituriyent olduğum vaxtlarda ali məktəblər haqqında araşdırma aparırdım, internetdən, ətrafımdan, sosial şəbəkələr vasitəsilə maraqlanırdım. Sonda belə bir nəticəyə gəldim ki, BANM-də təhsil almaq xaricdə təhsil almaq kimidir. Ona görə də BANM-də təhsil almaq qərarına gəldim və  qarşıma buraya qəbul olmaq hədəfini qoydum.  
 
- İmtahanlara necə hazırlaşırdınız?
- Məqsədimə nail olmaq üçün sistemli şəkildə çalışırdım. Bütün dərslərimi, müəllimlərin verdiyi tapşırıqları vaxtlı-vaxtında edirdim. Özümü tamamilə dərslərimə həsr etmişdim. Asudə vaxtımı ailəmlə keçirirdim, bədii ədəbiyyat oxuyurdum, dünyagörüşümü artırmaq üçün sənədli filmlərə baxırdım. Rəsmlə də məşğul oluram. Valideynlərim, müəllimlərim mənə çox dəstək oldular. Bu uğurumda ailəmin, müəllimlərimin çox böyük rol var. Valideynlərim mənə hər zaman əzmli olmağı öyrədiblər. Buna görə də mənimlə qürur duyurlar. Göstərdiyim yüksək nəticəyə görə yox, məhz əzmli, iradəli olduğuma görə.
 
- Yüksək bal toplamaq, Prezident təqaüdçüsü olmaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?
- İlk növbədə sistemli şəkildə hazırlaşsınlar, istirahətlərinə fikir versinlər. Qarşılarına hədəf qoysunlar və bu hədəfə doğru addımlayarkən valideynlərinin, müəllimlərinin onlar üçün çəkdiyi əziyyətləri gözləri qarşısına gətirsinlər. Bəzən bu yolda demotivasiya ola bilərik, mən də olmuşam, amma valideynlərimin, müəllimlərimin əziyyətini gözümün qarşısına gətirib yenidən ayağa qalxmışam, hədəfimə çatmaq üçün yenidən yoluma davam etmişəm.  
 
- Ən böyük hədəfiniz, məqsədiniz nədir?
- Hazırda hədəfim bakalavr təhsilimi yüksək göstəricilərlə başa vurduqdan sonra təhsilimin növbəti pilləsinə davam etdirməkdir. Məqsədim isə karyerama BANM-də başlamaqdır. Ən böyük arzum BANM-in mütəxəssisi kimi Azərbaycanda kibercinayətlərə qarşı mübarizədə yüksək səviyyəli, peşəkar mütəxəssis olmaqdır.
 
- Dərslərlə bağlı təəssüratlarınız necədir?
- BANM haqqında hər zaman gözəl sözlər eşitmişəm. Gözlədiklərim oldu. Buranı da məhz aldığım yaxşı məlumatlara görə seçmişdim. Amma burada təhsilə başlayandan sonra bir daha təsdiqlədim ki, həqiqətən də eşitdiklərim, öyrəndiklərim doğrudur. Burada təhsil aldığım üçün çox xoşbəxtəm. Müəllimlərimiz çox tələbkardırlar, bizə yüksək səviyyədə dərs keçirlər, bizim qayğımızı çəkirlər. Buna görə onlara minnətdarlığımı bildirirəm. Rəhbərlik şəxsən bizimlə maraqlanır, qayğımıza qalır. Burada yaxşı təhsil almağımız üçün hər cür şərait yaradılıb.

Xəbər lenti