Logo

Şəhid qardaşının Vətən naminə mübarizə yolunu davam etdirən müəllim

24.11.2021 10:14 79 baxış
IMG

Vətən Müharibəsi iştirakçısı olan müəllim Sədi Namazovun bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən Sədi Rəhim oğlu Namazov 1970-ci ildə anadan olub.

1988-ci ildə Bakı şəhəri 233 nömrəli tam orta məktəbi bitirib. 1993-1998-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

Könüllü olaraq I Qarabağ Müharibəsində iştirak edən S.Namazov Füzuli rayonu Horadiz qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənə layiqli cavab verib. I Qarabağ Müharibəsində göstərdiyi şücaətə görə o, “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görülüb.

Qeyd edək ki, Sədi Namazovla birgə müəllim olan qardaşı Azər Namazov da I Qarabağ Müharibəsi zamanı Vətənin müdafiəsi üçün mübarizəyə qoşulub. O, Şuşanın Daşaltı əməliyyatı zamanı böyük qəhrəmanlıq göstərərək şəhid olub.
Üç kitab müəllifi olan S.Namazovun elmi məqalələri ölkədaxili və beynəlxalq jurnallarda dərc olunub.

Bundan əlavə, karate idman növü ilə məşğul olan S.Namazov “Azərbaycan Respublikasının Əməkdar idman ustası”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, beynəlxalq dərəcəli hakim, VI DAN qara kəmər ustası fəxri adlarına layiq görülüb, Dünya və Avropa  çempionudur.

1994-cü ildən S.Namazov Azərbaycanın Milli Qəhrəmanı Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

Vətən Müharibəsi zamanı S.Namazov çağırışçıların təlim mərkəzlərinə çatdırılmasında yaxından iştirak edib. Vətən Müharibəsindəki fəallığına görə o, "Vətən naminə" medalı və Fəxri fərmanlara layiq görülüb.

Şəhid qardaşı Azər Namazovun Vətən naminə mübarizə yolunu davam etdirən Sədi Namazov gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında bütün gücünü sərf etdiyini bildirir.

Xəbər lenti