Logo

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək

24.11.2021 11:48 64 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 98 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək.

İmtahan saat 10:00-da başlayacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana 1 saat əvvəl gəlməlidirlər. Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda o, imtahanın nəticələrinə dair arayış əldə edir.

İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat Ədliyyə Nazirliyinin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilib, həmçinin bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.

Qeyd edək ki, imtahan 3 saat davam edir və namizədlərə 100 tapşırıqdan ibarət sual kitabçası təqdim olunur: 80 sual namizədin qanunvericilik sahəsi üzrə biliyini, 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - müsahibəyə buraxılacaqlar.

Xəbər lenti