Logo

DİM və Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dövlət Test Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

24.11.2021 12:05 505 baxış
IMG

23 noyabr 2021-ci il tarixində DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dövlət Test Mərkəzinin direktoru Məcid Kərimov, həmçinin hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə onlayn formada görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüş DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı ilə başlayıb və iki qurum arasındakı əməkdaşlığın vacibliyi vurğulanıb. Dövlət Test Mərkəzinin (DTM) direktoru Məcid Kərimov öz nitqində hər iki qurumun qiymətləndirmə sahəsində təcrübə mübadiləsinin önəmli olduğunu və DİM-DTM arasında əməkdaşlığın ölkələr üçün fayda gətirəcəyini qeyd edib.

Daha sonra DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev və DTM-in direktor müavini Şerzod Batirov DTM nümayəndələrinin DİM-in fəaliyyəti ilə yaxından tanış olması məqsədilə 2-4 dekabr 2019-cu il tarixlərində Bakı şəhərinə təşkil edilmiş işgüzar səfəri barədə məlumat veriblər.

Görüş DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva və Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin müdiri Oleq Şelaginovun əməkdaşlıq fəaliyyətinə dair çıxışları ilə davam edib.

Tədbirdə DİM ilə DTM arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, DİM və DTM aşağıdakı istiqamətlər üzrə təcrübə mübadiləsi aparmağı razılaşdırıblar:

 

  • Testlərin hazırlanma prosesi;
  • Markerlərin təlimi və qiymətləndirmə meyarlarının hazırlanması;
  • Şagirdlər, tələbələr və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanması;
  • İmtahanların təşkili prosedurları (yerli və beynəlxalq imtahanlar);
  • İmtahanlara dair İT infrastrukturu və məlumatların qorunması;
  • Elmi-tədqiqat yönümlü məqalələrinin nəşri;
  • Qəbul və seçim prosesi;
  • Kurikulumlar, dərsliklər və qiymətləndirmənin inkişafı istiqamətində islahatların aparılması.

 

Görüşün sonunda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vurğulayıb ki, Azərbaycan və Özbəkistan xalqlarını ümumi mənəvi dəyərlərdən irəli gələn möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Xüsusilə, 2019-cu ildə Özbəkistanın nümayəndə heyəti ilə keçirilmiş səmimi görüş Özbəkistan və Azərbaycan arasında qiymətləndirmə sahəsində əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaratmışdır.

Qeyd edək ki, Özbəkistan Respublikası Nazirlər Kabinetinin 14 may 1994-cü il tarixli qərarı ilə yaradılmış Özbəkistanın Dövlət Test Mərkəzi ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsinə, Dövlət İdarəçilik Akademiyasının magistratura səviyyəsinə, Daşkənd Tibb Akademiyasının hərbi tibb fakültəsinə, Özbəkistan Respublikası Silahlı Qüvvələr Akademiyasına, Bank Maliyyə Akademiyasına tələbə qəbulunu həyata keçirir.

Xəbər lenti