Logo

BDU-da “Hüquq sahəsində kadrların hazırlanması və ədliyyə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib

24.11.2021 12:11 61 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquq fakültəsinin təşkilatçılığı ilə professor-müəllim və tələbə heyətinin, o cümlədən nüfuzlu ölkəmizin hüquqşünasların iştirakı ilə “Hüquq sahəsində kadrların hazırlanması və ədliyyə fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, dəyirmi masada həmçinin “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda. I Hissə” dərs vəsaiti də təqdim olunub.

Dəyirmi masada BDU-nun rektoru Elçin Babayev çıxış edərək qeyd edib ki, zəngin tarixə malik Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, cəmiyyətdə rolu artmışdır. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün 22 Noyabr - Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Ədliyyə Nazirliyinə mühüm vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır.

Professor Əmir Əliyevin moderatorluğu ilə keçirilən dəyirmi masada Azərbaycan Respublikası Milli Məclisinin üzvü, BDU-nun Hüquq fakültəsinin Dəniz və enerji hüququ Mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov “Qanunvericilik hakimiyyətinin inkişafında hüquqşünas kadrların rolu”, Türkiyənin İstanbul Universitetinin kafedra müdiri, dərs vəsaitinin rəyçisi, professor Fethi Gedikli “Ədliyyə tarixi”, Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik fəaliyyəti və hüquqşünas kadrların hazlrlanması”, Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Assosiasiyasının və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov “Məhkəmə hakimiyyətinin inkişafı və hüquqşünas kadrların hazırlanması”, BDU-nun Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən Cabir Quliyev “Ədliyyə sahəsində qanunvericiliyin inkişafı”, Hüquq Klinikasının rəhbəri Turqay Hüseynov “Ədliyyə fəaliyyəti və hüquqi təcrübə”, Mərkəzi Seçki Komissiyasının üzvü, Kriminalistika və məhkəmə ekspertizası kadedrasının dosenti  Bəxşeyiş Əsgərov “Ədliyyə sahəsində kadrların ixtisaslaşdırılması”, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Əmir Əliyev “Hüquq sahəsində kadrların hazırlanması və beynəlxalq təcrübə”, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov “Məhkəmə ekspertizasının inkişafı”, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əlməmməd Nuriyev “Ədliyyə sahəsində ictimai nəzarətin təşkili”, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru Xəyyam İsmayılov “Azərbaycan ədliyyəsinin inkişaf tarixli” mövzusunda məruzə ilə çıxış ediblər.

Dəyirmi masada “Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda. I Hissə” dərs vəsaiti təqdim olunub, kitabın əhəmiyyətindən danışılaraq qeyd edilib ki, dərs vəsaitində bütün dövrləri əhatə edən Azərbaycanın şərəfli ədliyyə tarixi, o cümlədən əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə və məhkəmə sisteminin davamlı inkişaf xüsusiyyətləri, istiqamətləri və islahatları geniş təhlil edilmişdir. Dərs vəsaiti hüquqşünaslar, o cümlədən məhkəmə və ədliyyə sahəsində çalışan və tədqiqat aparanlar, həmçinin Hüquq fakültəsinin tələbələri, magistrantlar, doktorantlar, eyni zamanda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Sonda dəyirmi masada mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti