Logo

"Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən nə qədər pul ayrılır, hara gedir o pullar?"

24.11.2021 13:48 583 baxış
IMG

Feysbukda Mədəniyyət naziri Anar Kərimova müraciət edilmiş şikayət xarakterli yazını olduğu kimi təqdim edirik:

"Dostlar, valideynin bu müraciətini paylaşaq, məsələ ictimailəşsin.

Fotoda gördüyünüz bu şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbəri, nazir Anar Kərimovdur. Anar Kərimov bu vəzifəyə təyin olunanda hamı düşünürdü ki, bu sahədəki problemlər həll olunacaq, vəziyyət düzələcək. Nazir deyilən adam həm də rəhbərlik etdiyi sahədə idarəetməni bilməli, mövcud problemləri həll etməyi bacarmalıdır. 
Sizə sadə bir misalı yazacağam, özünüz qiymət verin. Deməli, Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 11 nömrəli Onbirillik Musiqi Məktəbi var. Mənim qızım da həmin musiqi məktəbində oxuyur. 
Dünən həmin bu 11 nömrəli Onbirillik Musiqi Məktəbində qızımın gödəkcəsinin cibindən mobil telefonu oğurlanıb. Qızım gödəkcəsini qarderobdan (paltarı saxlamaq üçün xüsusi yer) asaraq musiqi dərsinə girib, telefon isə gödəkcənin cibində qalıb. Dərs bitəndən sonra isə gəlib görüb ki, mobil telefon yoxdur. Bu həmin məktəbdə ilk hadisə deyil. 
Dünən 102 Zəng Mərkəzinə məlumat verdik, polis məsələni araşdırır. Polisi, bizi, valideynləri təəccübləndirən bilirsiniz nə oldu? Yüzlərlə uşağın musiqi təhsili aldığı bu məktəbin mərtəbələrində, koridorlarında, nə bilim qarderobun üstündə kameralar yoxdur. Girişə qoyulmuş kamera ilə isə heç nə aydınlaşdırmaq olmur. 
Bu məktəbdə bu qədər uşaq təhsil alır, amma kameralar yoxdur içəridə. 
Qızımdan əvvəl bu yaxınlarda bir uşağın gödəkcəsinin cibindən 17 manat oğurlanıb. Ondan əvvəl də xoşagəlməz hadisə baş verib. 
Ötən il isə patlarını qarderobdan asan şagirdlərdən biri dərsdən çıxanda gəlib nə görsə yaxşıdır? Gödəkcəsi ümumiyyətlə yoxdur, yoxa çıxıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi , bütün bunlar baş verə-verə heç olmasa, həmin o qarderob görünən yerə kamera quraşdırılmır? Niyə?
Hər il Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən nə qədər pul ayrılır. Hara gedir o pullar? Niyə bu məsələyə ciddi yanaşılmır. Həmin məktəbdə yüzlərlə uşaq təhsil alır, Allah eləməsin, sabah bir hadisə, insident olarsa, kameraların olmaması hansı faciələrə səbəb ola bilər? Bu qədərmi qəliz məsələdir bunu düşünmək, cənab nazir?
Gətirin o məktəbə kameralar quraşdırın, girişdə onsuz da gözətçi yoxdur. Heç olmasa, kameralar quraşdırılsa, valideyn olaraq narahatlığımız azalar. Sabah uşağın başqa bir əşyası oğurlansa, heç mənim uşağım olmasın, başqasının başına bir iş gəlsə, kamera olmasa, hadisəni necə araşdıracaqsınız?
Çox dərinə gedib emosional şeylər yazmaq istəmirəm, məqsədim məsələni ictimailəşdirmək və problemin tezliklə həll olunmasına nail olmaqdır. Qızımın telefonu itdi, eybi yox, heç olmasa, gələcəkdə başqa uşaqlar xoşagəlməz hallarla üzləşməsinlər…"

Xəbər lenti