Logo

UNEC-də “Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda onlayn seminar keçirilib

24.11.2021 18:22 508 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda onlayn seminar keçirilib.

UNEC-dən bildirilib ki, seminarı giriş sözü ilə açan Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri Sənnur Əliyev mövzunun əhəmiyyətindən danışıb. O, ekonometrikanın məqsədinin iqtisadi münasibətləri kəmiyyət modeli çərçivəsində araşdırmaq, dəyişənlərin dəyişmə səbəblərini ədədi ölçülərlə ifadə etmək, onların gələcək dəyərlərini proqnozlaşdırmaqdan ibarət olduğunu deyib.

Seminarın məruzəçisi Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, Fransanın Cənubi Brotan Universitetinin doktorantı Samir Orucov ekonometrik modellərin müxtəlif meyarlar üzrə təsnifatından söz açıb. O, xətti reqressiya modellərinin qurulmasında 3 rəqəminin əhəmiyyətindən danışıb. Məruzəçi öz təqdimatında asılılığın funksional formasının müəyyən edilməsi üsulunun, əmsalların hesablanması üsulunun və hipotez testinin 3 ənənəvi üsulunun riyazi modellər əsasında təhlilini seminar iştirakçıları ilə bölüşüb.

UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev Fransanın Cənubi Brotan Universitetinin doktorantı olaraq məruzəçiyə ekonometrika sahəsində yerinə yetirdiyi doktorluq işinin nəticəsini növbəti seminarlarda auditoriya ilə bölüşməyi təklif ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar feysbuk üzərindən canlı yayımlanıb.

Xəbər lenti