Logo

Bakıda 5-ci sinif şagirdini oğurlamaq istəyiblər - FOTO

25.11.2021 08:39 990 baxış
IMG

Bakının Sabunçu rayonunda azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb.

Əjdər Hüseynov adlı şəxs APA-nın qaynar xəttinə müraciət edərək bildirib ki, ötən gün 18 radələrində nəvəsi Zəhra Qeybəliyeva 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.

APA-nın müxbiri baş vermiş hadisə ilə bağlı məktəblinin yaşadığı ünvanda olub. Z.Qeybəliyeva sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır.

Z.Qeybəliyeva dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb. Z.Qeybəliyevanın bildirdiyinə görə, ona bıçaqla hədə qorxu gələn şəxs onu "Mitsubishi" markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Zəhra yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırır. Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Zəhranı ağ rəngli "Mitsubishi" markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.

Xəbər lenti