Logo

MDU-da Lütfi Zadənin 100 illiyinə həsr olunan viktorina keçirilib

25.11.2021 15:34 47 baxış
IMG

24 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İnformasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərən Tələbə Elmi Dərnəyinin təşkilatçılığı ilə dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan viktorina keçirilib.

Böyük akt zalında təşkil edilən viktorinada İnformasiya texnologiyaları, Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Universitetin tələbə və müəllim kollektivi üzvlərinin “Microsoft Teams” platforması üzərindən yarışı onlayn izləmək imkanları da təmin edilib.

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitetin “Mühəndislik” fakultəsinin dekan əvəzi Almaz Əliyeva görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi irsinin gənclər arasında təbliğinə universitetdə xüsusi önəm verildiyini bildirib. Tələbələrin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən bu tipli bilik yarışlarının keçirilməsinin əhəmiyyətindən danışan A.Əliyeva iştirakçılara uğurlar arzulayıb.

Viktorinanın aparıcısı MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimi Şəbnəm Nəsirova yarışın qaydaları haqqında məlumat verib.

Yarışda hər birində 7 tələbə olmaqla 6 komanda mübarizə aparıb. Münsiflər heyətində Qazi Universitetindən qonaq professor Ercan Nurcan Yılmaz, Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Pedaqoji fakültənin dekan müavini Flora Namazova, İnformasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva, Riyaziyyat kafedrasının müdiri Sahib Mustafayev, Tədris şöbəsinin mütəxəssisi Nuran Cəfərov təmsil olunub.

Üç turdan ibarət viktorinanın qalibi “Logic” komandası olub. “Talents” və “Honda” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Bildirilib ki, yarışın qalibləri müvafiq sertifikatlarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına, o cümlədən onların intellektual səviyyəsinin yüksəldilməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Xəbər lenti