Logo

“Gələcəyə ümid” layihəsi təqdim olunub

25.11.2021 20:31 129 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Əliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, Səhiyyə Nazirliyinin şöbə müdiri İnara Makayeva, Türkiyə İş Adamları Birliyinin (TÜİB) nümayəndəsi Saleh Tüfekçi, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Rumın Mərkəzinin direktoru Jozefina Blazasanı Batto, ADU-nun Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, TƏBİB-in Davamlı tibbi inkişaf şöbəsinin müdiri Emil İsgəndərov, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, TDM-in əməkdaşları, KİV təmsilçiləri və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva humanist dəyərlərin təbliği və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsi missiyasını qarşısına məqsəd qoyan “Gələcəyə ümid” layihəsini cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, ölkəmizdə uşaq hüquqlarının qorunması, onların hər cür diqqət və qayğı ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biridir. Sağlam, savadlı və vətənpərvər nəsil yetişdirmək üçün bütün gücü ilə çalışan təhsili idarəetmə qurumları da həssas qruplardan olan uşaqların təlim-tərbiyəsi, onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsini qarşıya məqsəd qoyub.

Mərasimdə çıxış edən təhsil nazirinin müşaviri Elnur Əliyev şagirdlərin maarifləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən layihənin uğurlu nəticələr əldə edəcəyinə əmin olduğunu ifadə edib. Qeyd edib ki, yüksək intellektə sahib, bacarıqlı, müasir çağırışlara cavab verən gəncliyin yetişdirilməsi Təhsil Nazirliyinin prioritetləri sırasında əsas yerlərdən birini tutur. Bu baxımdan “Gələcəyə ümid” layihəsi mühüm əhəmiyyət kəsb edir.

Digər çıxış edənlər də layihəni uşaq və yeniyetmələrin sağlam, bilikli və hərtərəfli formalaşması yönündə atılmış uğurlu addım kimi dəyərləndiriblər. Bildiriblər ki, qloballaşma proseslərinin sürətli inkişafı, texnoloji nailiyyətlərin həyatımıza nüfuz etməsi yetişən gənc nəsildən daha çevik addımlar tələb edir. Dünya təhsil sisteminə inteqrasiya etməklə gələcək liderlər yetişdirməyi qarşısına məqsəd qoyan layihənin bu baxımdan səmərəli nəticələr verəcəyinə inandıqlarını söyləyiblər.

Qeyd edək ki, “Gələcəyə ümid” layihəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 8-ci sinif şagirdləri arasında bir akademik tədris ili üçün nəzərdə tutulur.

Layihənin ideya müəllifləri TDM-nin İngilis dili üzrə metodisti Tünzalə Rzayeva, mərkəzin psixoloqu Əziz Kərimov və Azərbaycan Dillər Universitetinin müəllimi Ülviyyə Xəlilovadır.

Daha sonra mərasimdə “Gələcəyə ümid” layihəsindən bəhs edən videoçarx, paytaxtın 221 nömrəli tam orta məktəbinin şagirdi Fərrux Nizamovun senarisi əsasında hazırlanmış “Bir şagirdin hekayəsi” adlı səhnəcik və rəqs kompozisiyaları nümayiş etdirilib.

Xəbər lenti