Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi, Bakı Dövlət Universiteti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı vəsaitin təqdimat mərasimi keçirilib.
Vəsait Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının rəhbəri Rəna İbrahimbəyova, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadənin elmi redaktorluğu ilə nəşr edilib.
Kurikulum Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) sədr müavini Elgün Səfərov, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov, Bakı Dövlət Universitetinin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi Nigar Səfərova tərəfindən hazırlanıb.
Vəsait dövlət qulluğu sistemində gender bərabərliyi prinsipinin təmin edilməsi və dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədilə tərtib edilib.
Kurikulum dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması, dövlət qulluğu sistemində gender bərabərliyinin təmin edilməsi sahəsində bərabər imkanlar yaradılması və digər məsələlər baxımından əhəmiyyətlidir.
Kitabın 24 noyabr 2021-ci il tarixində keçirilən təqdimat mərasimində çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu sahənin vacibliyindən söhbət açaraq “Gender bərabərliyi haqqında Qanunun qəbul olunmasının 15-ci il dönümündə belə bir vəsaitin hazırlanmasının əlamətdar olduğunu qeyd edib. O, DİM-in 25 ilik fəaliyyətindən bəhs edərək bu illər ərzində keçirilən imtahanlarda gender aspektlərinin mütəmadi olaraq təhlil edildiyini, qadınların da kişilərlə bərabər şəkildə, hətta daha böyük uğurlarla bu imtahanlarda iştirak etdiklərini vurğulayıb. “Sevindirici haldır ki, son illərdə ali məktəblərin texniki ixtisaslarını seçən qız abituriyenlərin sayında artım müşahidə olunur”.
M.Abbaszadənin çıxışının mətni ilə buradan tanış ola bilərsiniz.
Kurikulumu verilmiş keçiddən (http://dim.gov.az/upload/iblock/e17/e176278850538f44c3accd0711fa480d.pdf) əldə etmək mümkündür.