Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının universitetin və kafedranın 100 illik yubileyi münasibətilə hazırladığı "Azərbaycan Dilçiliyi Kafedrası" adlı jurnalın təqdimatı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edənlərdən ADPU-nun rektoru, professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və institutun professoru Sevinc Əliyeva Pedaqoji Universitetin və onun Azərbaycan dilçiliyi kafedrasının Azərbaycan dilçilik elminin inkişafındakı müstəsna xidmətlərindən söz açaraq yubiley jurnalının da bu zəngin irsi əks etdirdiyini vurğulayıblar.
Azərbaycan dilçiliyi kafedrasının müdiri dosent İradə Kərimova jurnal haqqında ətraflı məlumat verərək qeyd edib ki, məntiqi baxımdan jurnal iki hissəyə bölünür; kafedranın tarixi və müasir vəziyyəti. Bu bölmələrdə kafedrada fəaliyyət göstərmiş Bəkir Çobanzadə, Əbdüləzər Dəmirzadə, Afad Qurbanov, Həsən Mirzəyev, Nizami Xudiyev və s. kimi tanınmış dilçilərdən və kafedranın müasir elmi potensialından bəhs olunur.
Vurğulanıb ki, jurnalın təqdimatı kafedranın inkişafında və Azərbaycan dilçilik elmində böyük rolu olmuş professor Həsən Mirzəyevin doğum gününə təsadüf edir.
Sonda videoçarx nümayiş olunub.