Logo

Prezident təqaüdçüsü: “Həmin görüşdən sonra Bakı Ali Neft Məktəbində təhsil almağı qarşıma məqsəd qoydum”

27.11.2021 10:20 549 baxış
IMG

Kamil Muradlı 2004-cü ildə Bakıda doğulub. 1-ci sinifdən 9-ci sinfədək Bakı şəhəri Yasamal rayonu Şərifzadə adına 13 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra təhsilini Akademik Zərifə Əliyeva adına liseydə alıb, həmin liseyin məzunudur. Qəbul imtahanında 679.4 balla Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi ixtisasına qəbul olunub. Prezident təqaüdçüsüdür.

 
- Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?
- Təhsil aldığım məktəbin direktoru yüksək bal toplayan məzunlarla görüş təşkil etmişdi. Onların arasında BANM-də təhsil alanlar da vardı. Buranın çox nüfuzlu, yüksək səviyyədə təhsil verən ali məktəb olması, tələbələrə, onların gələcək karyerası üçün yaradılan şəraitdən danışdılar. Özüm də araşdırdım və məni ən çox cəlb edən BANM-in devizi oldu: “Biz iş axtarmırıq, iş bizi axtarır”. Bu söz diqqətimi çox cəlb etdi. Həmin görüşdən sonra qərara gəldim ki, BANM-də təhsil alım. Daha sonra burada II qrup ixtisasının açılacağını da öyrənəndə çox sevindim.
 
- Qəbul imtahanına necə hazırlaşırdınız?
- Gün ərzində 4-5 saat dərslərimlə məşğul olurdum. Çalışırdım çox oxumağa yox,  effektiv oxumağa üstünlük verim. Daha çox günortadan sonra hazırlaşırdım. Tez-tez sınaq imtahanlarında iştirak edirdim və bu, məndə özümə güvən yaratdı. Anladım ki, qəbul imtahanında yüksək nəticə göstərə biləcəyəm. Qəbul imtahanına da çox rahat getdim, həyəcanım olmadı. Suallar mənə asan gəldi, rahatlıqla cavablandırdım və istədiyim balı topladım. Amma Prezident təqaüdçüsü olacağımı gözləmirdim. Lakin Prezident təqaüdçüsü olmaq hər zaman xəyalım olub.
 
- Asudə vaxtlarınızı necə keçirirdiniz?
- Asudə vaxtlarımda daha çox məni inkişaf etdirə biləcək fəaliyyətlərlə məşğul olurdum. Məsələn, kitab oxuyurdum, şahmat oynayırdım. Həftə sonları dostlarımla maraqlı, əyləncəli vaxt keçirirdik, fikir mübadiləsi aparırdıq, bir-birimizin səhvlərini, doğrularını müzakirə edirdik. Qəbul imtahanına hazırlaşanda bunun da mənə çox böyük təsiri oldu.
 
- Yüksək bal toplamaq, Prezident təqaüdçüsü olmaq istəyən abituriyentlərə nə məsləhət görürsünüz?
- İlk növbədə özlərini çətinə salmasınlar, gərgin olmasınlar. Çünki hər şey özlərindən asılıdır. Çox oxumağa yox, effektiv və dərindən oxumağa üstünlük versinlər. Yorğun halda oxumaq fayda vermir. Sınaq imtahanlarında çox iştirak etsinlər, özlərini yoxlasınlar. Məncə, bu formada istədikləri yüksək balı toplaya və Prezident təqaüdçüsü ola bilərlər.  
 
- Gələcək hədəfiniz, məqsədin nədir?
- İlk növbədə Prezident təqaüdçüsü adını qoruyub saxlamalıyam. Ən böyük məqsədim xalqıma yararlı ola biləcək mütəxəssis kimi yetişməkdir.
 
- Bir aydan çoxdur dərslər başlayıb. Təəssüratlarınız necədir?
- BANM-in necə bir ali məktəb olması haqqında məlumatım vardı. Bilirdim ki, dərslər yüksək səviyyədədir və çətindir. Özümü psixoloji cəhətdən buna hazırlamışdım. Gözlədiklərim oldu. BANM-də təhsillə yanaşı, qayda-qanun da yüksək səviyyədədir. BANM-in tələbələri seçilmiş, intellektual gənclərdir, çox fərqlidirlər, hətta zarafatları da intellektualdır.

Xəbər lenti