Logo

ADU-da “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” adlı kitabın təqdimatı keçirilib

27.11.2021 11:24 813 baxış
IMG

ADU-da rektor, akademik Kamal Abdullanın göstərişi ilə Polis Akademiyasının əməkdaşı, polis leytenantı Aynur Səfərlinin müəllifi olduğu 2016-cı il Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə ADU-nun Təhsil-1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov açaraq kitab haqqında ətraflı məlumat verib və bildirib ki, kitabda tarixə “Dördgünlük müharibə” kimi daxil olmuş Aprel döyüşlərində şəhid olan 89 şəhid haqqında məlumatlar, müəllifin şəhid ailələri ilə olan görüşləri, müharibə qaziləri ilə olan müsahibələri, cənab Prezidentimiz İlham Əliyevin Aprel döyüşləri ilə bağlı imzaladığı Fərman və Sərəncamlar yer almışdır.

ADU-nun rektor məsləhətçisi, fəlsəfə doktoru Anar Osmanlı 44 günlük Vətən müharibəsinin araşdırılmasının və təhlilinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında cənab Prezidentin liderlik keyfiyyətlərindən irəli gələn sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurlar və xalq-iqtidar-ordu birliyi dayanır. 

Pedaqogika kafedrasının əməkdaşları dosent Oktay Abbasov, dosent Vidadi Bəşirov, fəlsəfə doktoru Səbinə Əliyeva və fəlsəfə doktoru Türkan Əliyeva çıxış edərək kitab haqqında fikir və mülahizələrini bildiriblər.

Tədbirə qonaq qismində dəvət olunmuş şəhid Muşviq Orucovun atası Arif Orucov oğlunun qəhrəmanlıqlarından söz açıb, kitabın nəşri ilə bağlı maliyyə xərclərini  qarşılayan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov isə şəhidlərimizlə bağlı belə bir kitabın ərsəyə gətirilməsini bütün şəhidlərimizin ruhu qarşısında mənəvi borc, hörmət və ehtiram olaraq qiymətləndirib.

Kitabın ön sözünün müəllifi, DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov zəfərlə başa çatan  İkinci Vətən müharibəsi haqqında qısaca məlumat verərək, gücün qarşısına güc qoymaq təcrübəmizin köməyimizə çatdığını və əcdadımızdan miras qalanları qorumaq üçün hər birimizin –  müəllimi, həkimi, fəhləsi, polisi, memarı və digər peşə sahiblərini Vətən çağırır nidası ilə əsgərə çevrilən xalqın xəyalında Şuşaya apardığı bayrağı layiq olduğu yerə sancmaq üçün böyük bir qəhrəmanlığa imza atdığını vurğulayıb. 

Sonda “Qəhrəmanlıq tariximizin şanlı səhifələri” adlı kitabının müəllifi, polis leytenantı Aynur Səfərli tədbir iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizin gəncliyimiz üçün canlı vətənpərvərlik nümunəsinə çevrildiyini, onların hər birinin  ayrı-ayrılıqda bir qəhrəmanlıq dastanı yaratdığını vurğulayıb. Müəllif onu da qeyd edib ki, 2020-cı ildə 44 günlük Vətən Müharibəsindəki qalibiyyətimizin təməli məhz 2016-cı il aprel döyüşlərilə qoyulub, bununla da Azərbaycan xalqı dəmir yumruğunu həm düşmənin, həm də onun havadarlarının başına endirib.

Sonda tədbir iştirakçılarına kitablar təqdim edilib və xatirə şəkli çəkilib.

Xəbər lenti