Logo

Əməkdar jurnalist vəfat etdi

27.11.2021 14:47 84 baxış
IMG

Tanınmış qələm sahibi, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, Əməkdar jurnalist, “Qızıl qələm” mükafatçısı İldırım Dəmirli 79 yaşında dünyasını dəyişib.

Bu barədə Modern.az-a Əməkdar jurnalist Tahır Aydınoğlu məlumat verib.

İldırım Dəmirli 1942-ci il dekabr ayının 31-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Orta təhsilini 1958-ci ildə İsmayıllı şəhərində başa vurub. Əmək fəaliyyətinə 1958-ci ilin sentyabrından Sumqayıtda tikinti idarəsində fəhləlikdən başlayıb. 1963-cü ildə istehsalatdan ayrılmadan Sumqayıt Kimya-Texnologiya texnikumunu, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib.

İldırım Dəmirli 1968-ci ildən mətbuatda çalışıb. Əvvəlcə çoxtirajlı “Kauçuk” qəzetində əməkdaş, 1972-ci ildən isə çoxtirajlı “Kimyaçı” qəzetində məsul katib vəzifələrində işləyib. 1986–1992-ci illərdə “Sosialist Sumqayıtı” qəzetində əməkdaş və “Mühərrir” kiçik müəssisəsində direktor müavini olub. 1992-ci ildən “Azərbaycan kimyaçısı” qəzetində məsul katib, 2002-ci ildən isə baş redaktor vəzifəsində işləyib. 2004-cü ildən “Əsrin sədası” qəzetinə baş redaktor təyin edilib, 2012-ci ildən bu qəzetin baş redaktorun birinci müavini kimi fəaliyyətini davam etdirib. Son illərdə “İnsan və təbiət” qəzetində baş redaktorun birinci müavini kimi fəaliyyət göstərib. Uzun illər “Kommunist” (İndiki “Xalq qəzeti”), “Azərbaycan gəncləri”, “Respublika” qəzetləri, “Kirpi” satirik jurnalı ilə fəal əməkdaşlıq edib

79 illik ömrünün 53 ilini jurnalist peşəsinə həsr edən İldırım Dəmirli 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Eyni zamanda bədii yaradıcılıqla məşğul olan İldırım müəllim bir neçə kitab müəllifi idi. Səmərəli yaradıcılığına görə 2010-cu ildə “Qızıl qələm” media mükafatı ilə təltif olunub. 2017-ci ildə “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb.

Xəbər lenti