Logo

Prezident təqaüdçüsü: “Bakı Ali Neft Məktəbini burada oxuyan dostumun məsləhəti ilə seçdim”

28.11.2021 09:54 431 baxış
IMG

Şamil Quliyev 2004-cü ildə anadan olub. Bakı şəhəri, Səbail rayonu 236 nömrəli tam orta məktəbin məzunudur. 687,4 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub.  BANM-də 2021-2022-ci tədris ili üzrə qəbulda bu ixtisas üzrə ən yüksək bal ona məxsusdur.
 
-Bakı Ali Neft Məktəbinə marağınız necə yarandı?
-Mən 10-cu sinifdən ali məktəblərlə maraqlanmağa başlamışdım. Məndən bir yaş böyük dostum bura qəbul olmuşdu. Həmin dostum bu Ali Məktəbi seçməyimi məsləhət gördü. O bildirdi ki, BANM Azərbaycanda ən nüfuzlu, perspektivli ali təhsil müəssisəsidir. Mən də ona görə buranı seçdim.
 
-Proseslərin avtomatlaşdırılmas ixtisası seçiminizdə hansı amil rol oynadı?
-Mənim uşaqlıqdan robototexnikaya marağım olub. Bilirəm ki, Proseslərin avtomatlaşdırılması mühəndisliyi robototexnikaya ən yaxın ixtisasdır. Bu sahə həm də geniş sahədir. Onun mütəxəssislərinə tələbat çoxdur. Ona görə də bu ixtisası seçmişəm.
 
-İmtahanlara necə hazırlaşırdınız? Yüksək bal toplamağı hədəfləyən abituriyentlərə nə məsləhət görürsünüz?
-İlk növbədə sistemli şəkildə oxumaq məsləhətdir. Yuxu rejiminə xüsusi diqqət etmək lazımdır. Mənim fikrimcə, sağlam yuxu, sağlam beyin deməkdir. Mən gün ərzində 5-6 saatdan artıq dərs oxumurdum. Dincəlməyimə, yuxu rejimimə fikir verirdim. Həmişə tez yatıb, tez durmağa üstünlük verirdim.
 
-Gələcək hədəfləriniz nələrdir?
-Bakı Ali Neft Məktəbinin bakalavr pilləsini uğurla bitirmək, təhsilimi magistratura səviyyəsində davam etdirmək istəyirəm. Hədəflərimdən biri də öz biznesimi açmaqdır.
 
-Prezident təqaüdçüləri siyahısında adınızı görəndə hansı hissləri keçirdiniz?
-Balım açıqlananda Prezident təqaüdünə layiq görüləcəyimi təxmin edirdim. 2020-ci ilin göstəriciləri ilə müqayisə edəndə də bu siyahıda olacağımı güman etmişdim. Daha sonra abituriyent saytında ballara baxanda gördüm ki, I qrupda respublika üzrə onuncu yerdəyəm. Ona görə bildim ki, Prezident təqaüdünə düşürəm. Sərəncam çıxanda bu təxminlərim təsdiqləndi. Çox sevinmişdim. Bu ada layiq görülmək böyük qürur hissi verir.
 
-Asudə vaxtlarınızı necə keçirirsiniz? Hansı məşğuliyyətiniz var?
-Asudə vaxtlarımda bəzən şahmatla məşğul oluram. Onlayn məsələlər həll edirəm. Video oyunlar oynayıram. Musiqiyə qulaq asıram.
 
-Bakı Ali Neft Məktəbində dərsləriniz necə keçir?
-Dərslərin keyfiyyəti yetərincə yüksəkdir. Burada dərslər mənim gözləntilərimə tam uyğundur. Müəllimlərimiz çox tələbkardırlar. Onlar yüksək səviyyədə dərs keçirlər.

Xəbər lenti