Logo

Tələbə kreditlərində narazılıq yaranarsa, şərtlərə YENİDƏN baxılacaq

28.11.2021 12:10 123 baxış
IMG

Noyabrın 25-dən etibarən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb.

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur.

Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.

Müraciət zamanı tələb olunan şərtlər insanlar arasında birmənalı qarşılanmayıb. Belə ki, tələbələr şərtlərin çətinliyindən və ağırlığından şikayətlənir.

Modern.az mövzu ilə bağlı parlamentarilərə müraciət edib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a deyib ki, qoyulan şərtlərin əsas məqsədi krediti götürən şəxsdə mailiyyə məsuliyyəti yaratmaqdır:

“Biz hər şeydən öncə nəzərə almalıyıq ki, bu, Azərbaycan üçün yeni bir təcrübədir. Biz bunu uzun müddətdir ki, müzakirə edirdik. İstəyirdik ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan tələbə təhsil krediti bizim ölkədə də edilsin. Nəhayət ki, buna nail olduq.

Mən hesab edirəm ki, bu məsələyə çox konseptual və düşünülmüş şəkildə yanaşılıb. Biz nəzərə almalıyıq ki, bu elə bir məsələdir ki, krediti tamamilə faizsiz etdikdə ortaya başqa problemlər çıxır.

Krediti götürən şəxsdə az da olsa, mailiyyə məsuliyyəti olmalıdır ki, ödənişini vaxtında qaytarsın. Faizlərin olmasını obyektiv hesab edirəm.

Bu kreditlər uzun müddətə verilir. Və zaman keçdikcə qaydalarda dəyişikliklər ola bilər. Əsas odur ki, biz bu mərhələyə başlayırıq. Bu addımın atılmasında əsas məqsədlərdən biri də gənclərimizi təhsilə təşviq etməkdir”.

Parlamentari növbəti ildə tələbə təhsil kreditinə dövlət büdcəsindən 100 milyon vəsaitin ayrılacağını deyib:

“Dövlət növbəti ildə bu istiqamətdə 100 milyon vəsaitin ayrılmasını nəzərdə tutub. Bu hardasa, 50-60 mindən yuxarı tələbəni əhatə edəcək. İlkin mənada kim üçünsə çətin görünə bilər. Amma mən bu məsələdə çətin heç nə görmürəm. Hər il dövlət bu sahəyə vəsait ayırır. Ayrılan vəsait də az deyil. Bu baxımdan kreditin qaytarılmasında müəyyən sərt qaydaların olması önəmlidir”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov Modern.az-a təhsil tələbə krediti ilə bağlı danışarkən bu addımın gəncləri təhsilə təşviq etmək məqsədi daşıdığını vurğulayıb:

“Təhsil tələbə krediti ilə bağlı qəbul edilən qərarlar ədalətlidir. Bunu icra edən orqan Təhsil Nazirliyi və ali məktəblərdir.

Mən düşünürəm ki, tələbələrə təhsillə bağlı verilən kreditlər ən böyük uğurdur. Bu qayda inkişaf etmiş dövlətlərdə uzun illərdir ki, tətbiq olunur.

44 günlük Vətən müharibəsi və davam edən pandemiya şəraitinə baxmayaraq, dövlətimiz gənclərə təhsil almaq üçün şərait yaradır. Belə çətin dönəmdən çıxdığımız üçün bu addım atılmaya bilərdi. Qanunlar müzakirə edildi və qərar qəbul olundu. Qərarlar tarixi və mütərəqqidir, tələbələrin xeyrinədir. İcra edilməsi isə Təhsil Nazirliyinin səlahiyyətindədir.

Ölkəmizdə ilk dəfə tətbiq olunduğu üçün bir neçə çətinliklər, qüsurlar ola bilər. Zaman keçdikcə bu da düzələcək”.

Deputatın sözlərinə görə, şərtlər tələbəni oxumağa təşviq edəcək:

“Kifayət qədər tələbə yüksək balla ali məktəbə qəbul olurdu, amma maddi vəziyyəti ilə bağlı təhsildən imtina edirdi. Hazırda artıq tələbə rahatdır ki, tələb olunan qədər bal toplasa, kredit götürüb təhsilini alacaq.

Qaydaların və tələb olunan şərtlərin ağırlığı məsələsinə gəldikdə deyə bilərəm ki, bu hələ tətbiq olunur. Əgər işin gedişində çatışmazlıq və ya nöqsanlar aşkarlansa, bunu da dövlətimiz aradan qaldıracaq. Biz ilk dəfə olaraq bu istiqamətdə addım atmışıq. İlk dəfə olduğu üçün təbii ki, nöqsanlar olacaq. Həm ictimaiyyətin, həm də tələbənin istəyi öndə götürüldüyü üçün ən sonda da qazanan da elə tələbələrimiz olacaq”.

Xəbər lenti