Logo

Sakit okeanda nəhəng diş tapıldı

28.11.2021 13:47 152 baxış
IMG

ABŞ-ın Monterey Bay Akvarium Tədqiqat İnstitutunun alimləri Sakit Okeanın 3700 metr dərinliyində nəhəng diş tapıblar.

Modern.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, kəşf ilk dəfə tədqiqat qrupunun 2019-cu ildə Kaliforniyadan 300 kilometr uzaqlıqda dəniz dağının tədqiqi üçün apardığı ekspedisiyası zamanı edilib.

O zaman dalğıclar okeanın dərinliklərində tapdıqları dişin yalnız kiçik bir hissəsini çıxara bilmişdilər. Çünki sudan çıxarılan zaman dişin ucu qırılıb.

Tədqiqatçılar bütün nümunəni toplamaq üçün 2021-ci ilin iyul ayında əraziyə qayıdıb. Araşdırmalar nəticəsində təxminən bir metr uzunluğundakı nəhəng dişin Kolumb mamontuna (Mammuthus columbi) aid olduğu müəyyən edilib.

Alimlər tapıntının Şimali Amerikanın bu bölgəsindən tapılan ən qədim mamont dişi ola biləcəyinə inanır. Heyvanın 2.7 milyon ilə 200.000 il əvvəli əhatə edən Aşağı Paleolit dövründə öldüyü güman edilir.

Tədqiqatçılar qeyd edirlər ki, sözügedən mamont Kaliforniyanın Mərkəzi Sahil adlanan hissəsində yaşayıb və quruda ölüb. Heyvanın nəhəng cəsədinin okeana çatdığı və təxminən 200 kilometr sürüşdüyü təxmin edilir.

Xəbər lenti