Logo

Horadizdə məktəbə şəhid Fəqan Zalovun adı verildi

29.11.2021 16:37 345 baxış
IMG

Horadiz şəhər 3 №li tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilib.

Bu barədə “Qafqazino”ya Füzuli Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Nazirlər Kabinetinin 4 noyabr 2021-ci il 339 №li Sərəncamı ilə Horadiz şəhər 3 №li tam orta məktəbə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun adı verilib. Bu münasibətlə məktəbdə tədbir keçirilib. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin kollektivi və digərləri iştirak ediblər. Əvvəlcə şəhidin adı əks olunmuş lövhənin açılışı olub. Daha sonra məktəbdə şəhid, Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalova həsr edilmiş guşəyə baxış keçirilib. Çıxışçılar Fəqan Zalovun qəhrəmanlıq dolu döyüş yolundan söz açıblar.

Şəhidin atası Amil Zalov şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirib.

Daha sonra Fəqan Zalov haqqında hazırlanmış videoçarxa baxış keçirilib. Məktəblilər şəhidlər haqqında kompozisiya təqdim ediblər.

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan füzulili gənclərdən biri də Fəqan Zalovdur. Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənib. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olub.

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Fəqan Zalov göstərdiyi şücaətlərə görə  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid ailələri, onların problemlərinin həlli hər zaman dövlətin diqqət mərkəzində saxlanılır və  eyni zamanda şəhidlərimizin adlarının əbədiləşdirilməsi  istiqamətində mühüm işlər görülür.

Xəbər lenti