Logo

BMU-nun prorektorları ECAR layihəsi çərçivəsində Fransada səfərdə olub

30.11.2021 11:06 522 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov və Ümumi işlər üzrə prorektoru Vüqar Həsənov “ECAR” Erasmus+ layihəsi çərçivəsində Fransada səfərdə olub.

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil edilmiş səfərə (22-26 noyabr) Azərbaycan Respublikası Təhsil Nazirliyi, tərəfdaş universitetlərin təmsilçilərindən ibarət 30 nəfərlik nümayəndə qatılıb.

Səfər çərçivəsində həyata keçirilən işgüzar görüşlər Fransa Rektorlar Konfransı (CPU) və Fransa Beynəlxalq Təhsil Mərkəzinin (FEI) təşkilatçılığı ilə baş tutub.

CPU-nun Beynəlxalq əlaqələr üzrə koordinatoru, Rouen Universitetinin keçmiş rektoru Jean Luc Nahel Fransa təhsil sistemi və CPU-nun ali təhsildə rolu barədə qonaqlara ətraflı məlumat verib.

Qurumun Avropa Birliyindəki təmsilçisi Carle-Bonafous Murat isə Avropa-Fransa təhsil münasibətləri haqqında danışıb, Konfransın təsir gücünün yalnız ölkə hüdudları ilə məhdudlaşmadığını vurğulayıb.

FEI-nin proqram meneceri Marion Poutrel CPU-nun nizamnaməsi və hüquqi statusundan söz açaraq əsas prinsipləri izah edib.

CPU-nun Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri, eyni zamanda Toulouse Jean Jaurès Universitetinin rektoru Emmanuelle Garnier Fransa Rektorlar Konfransının təşkilati strukturu, həmçinin müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış daimi komissiyaları, müvəqqəti işçi qrupları haqqında informasiyaları iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi, eyni zamanda, qeyd edib ki, CPU-da görüşləri təşkil edən, onun gündəliyini müəyyənləşdirən 20 rektordan ibarət CP2U adlı daimi heyət fəaliyyət göstərir.

Görüşdə Fransa Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin nümayəndəsi Manuel Bouard Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli ilə birlikdə Fransa Təhsil Nazirliyi və CPU arasında əməkdaşlıq, koordinasiya istiqamətləri üzrə müzakirələr aparıb. Bununla yanaşı, CPU-da üzvlük, strateji planlama, qərar qəbul etmə prosesləri, maliyyələşmə mexanizmləri və s. bu kimi məsələlər nəzərdən keçirilib.

Səfər çərçivəsində Fransanın ən qədim universitetlərindən biri olan Sorbon Universitetinə səfər təşkil olunub.

Ölkəmizin ali təhsil ocaqlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri və AXC Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun və görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarını ziyarət ediblər. Bundan başqa, nümayəndə heyəti Azərbaycan-Fransa Mədəniyyət Evində təşkil edilən tədbirə də qatılıb.

Qeyd edək ki, 1971-ci ildə Fransanın Təhsil Nazirliyi tərəfindən yaradılmış CPU Fransa təhsil sistemində yüksək nüfuzu olan mötəbər təşkilatdır. 2007-ci ilədək CPU-nun prezidenti funksiyasını Fransanın Təhsil Naziri yerinə yetirib. 2007-ci ildə ali təhsil sahəsində aparılmış köklü islahatlar əsasında universitetlərin müstəqilliyi təsdiqlənib və CPU müstəqil quruma çevrilib.

CPU-nun əsas funksiyası Təhsil Nazirliyinin məsləhətçi orqanı olaraq fəaliyyət göstərməkdir. Belə ki, CPU Təhsil Nazirliyi ilə Fransa dövlət universitetləri arasında əlaqənin, fikir mübadiləsinin operativ şəkildə təmin edilməsində, problem və təkliflərin dəyərləndirilməsində əlaqələndirici funksiya daşıyır. Hazırda Fransanın akkreditasiya olunmuş 74 universiteti CPU-nun üzvüdür. Təşkilatın tövsiyələri nəzərə alınaraq ölkənin ali təhsil sistemi üzrə strateji yol xəritəsi müəyyənləşdirilir, islahatlar aparılır, ehtiyac duyulduğu təqdirdə təhsil qanunvericiliyinə dəyişikliklər edilir.

Xəbər lenti