Logo

Yeni agentliyin yaradılması diplomların tanınmasında hansı rolu oynayacaq...

30.11.2021 15:32 440 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaradılması xarici diplomların tanınmasında və saxta diplomların müəyyənləşdirilməsində yeni mərhələdir...

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan keçən dövr ərzində təhsil sahəsində beynəlxalq əməkdaşlıq, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsi, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulması sahəsində nəzərəçarpacaq işlər görülüb. Təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə, müəllim mübadiləsi, staj keçmə, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil imkanı yaradılıb. Dövlət xətti ilə ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsil məsələləri də diqqət mərkəzində olub. Bununla belə, yazılı media və sosial şəbəkələrdə tez-tez müxtəlif ölkələrdə müxtəlif ali təhsil müəssisələrində təhsil almaq, bəzən imtahansız təhsil almaq vədləri verilir.

 
Nadir İsrafilov

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu vədlər bəzən öz təsdiqini tapsa da, bəzi hallarda alınan diplom Azərbaycanda tanınmır. Vasitəçi şirkətlərin ən çox vəd etdiyi ölkələr sırasında Türkiyə, Ukrayna və Rusiyanın adı hallanır: “Təhsil Nazirliyi, xaricdə təhsil sahəsində “heç bir şirkətlə əməkdaşlıq etmədiyini” və bu şirkətlərin fəaliyyətinə görə “heç bir məsuliyyət daşımadığını” bildirməsinə baxmayaraq, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması hələ də təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqda, xeyli sayda məhkəmə çəkişmələri davam etməkdədir”.

Onu da xatırlatmaq yerinə düşər ki, hələ 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar verib. Bu qərarı tətbiq etmək məqsədilə, 2007-ci ildə Təhsil Nazirliyində müvafiq əmr imzalanıb. Bu əmrlə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı nazirliyin aparatında Təhsil sənədlərinin tanınması işi üzrə sektor da yaradılıb.

“1997-ci ilin aprelində dövlətimiz, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb. Konvensiyanın icrası Təhsil Nazirliyinə həvalə olunub: “Baxmayaraq ki, 1999-cu ildə ali təhsil sistemlərinin bir-birinə yaxınlaşdırılması və uyğunlaşdırılması, Avropada ortaq təhsil məkanının yaradılması məqsədilə Boloniya Bəyannaməsi imzalanıb, 2005-ci ildən Azərbaycan da bu prosesə qoşulub. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bu sistemin elementlərindən hələ ki, kredit sisteminə önəm verilir. Diplomların qarşılıqlı tanınmaması ucbatından Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə işə düzəlməkdə çətinlik çəkirlər. Belə bir vəziyyəti xaricdə ali təhsil alanların Azərbaycanda işə düzəlməsi imkanlarına da şamil etmək olar. Məsələ ondadır ki, dünyanın ayrı-ayrı ölkələri problemə fərqli yanaşma tətbiq edirlər. Hansısa ölkə ilkin bazaya - attestata önəm verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür. Bu məsələnin həlli də problemsiz ötüşmürdü. Məsələn, hansı ölkədəsə bakalavr təhsili üzrə 180 kreditlik təhsil verilirsə, müqavilə bağlanan digər xarici universitetlərdə bu 220-dir. Yəni uyğunluq olmadığına görə, 180 krediti ödəyən tələbə qəbul olunmurdu. Amma ayrı bir məsələ də vardı ki, magistraturanı bitirən məzun ixtisası üzrə işləmək istəsə, əlavə imtahan da verməlidir” - deyə N.İsrafilov bildirib.

Ən çox yaşanan problem; tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbilə əlaqələndirilir.

Bütün bu və digər problemlərin nizama salınması ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyi, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib. Dəyişikliyə əsasən, şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək. Yəni bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr, öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə, diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq. Digər bir vacib məqam ondan ibarət olacaq ki, "Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə təqdim edilən yeni layihəyə əsasən diplomların tanınması başqa formata keçəcək, yəni qismən tanınma anlayışı olacaq. Tələbə digər ölkədə təhsil alıb həmin ölkənin kredit normasını ödəyibsə, dəyişiklikdən sonra həmin şəxsin kreditləri bizdə də tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək: “Həmin şəxsə şərait yaradılacaq ki, kreditini Azərbaycan standartlarına uyğunlaşdıra bilsin. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq.

Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq, kvalifikasiyaların tanınması üzrə qabaqcıl beynəlxalq təcrübələr araşdırılaraq mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaradılması “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikası nəzərə alınaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya ediləcək dəyişiklik nəticəsində çeviklik və mobillik təmin olunacaq və uzun illərdən bəri bu sahədə yaranan boşluqların aradan qaldırılmasına müəyyən irəliləyişə yol açılacaq”.

Bizimyol.info

Xəbər lenti