Logo

Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb

30.11.2021 15:50 109 baxış
IMG

Pekində dünya üzrə Konfutsi institutlarını idarə edən Beynəlxalq Çin Dili Təhsili Fondunun təşkilatçılığı ilə “2021-ci ilin görkəmli Konfutsi İnstitutu” və “Konfutsi institutlarının istedadları” adlı onlayn mükafatlandırma mərasimi keçirilib. Dünyanın 170 ölkəsindən Konfutsi institutları və sinif otaqları müsabiqəyə tələbələrin Çin mədəniyyəti və dilinə olan həvəsini və biliklərini nümayiş etdirən 500-ə yaxın qısa videoçarx təqdim edib. Ekspert qiymətləndirməsindən və bir çox ölkədən 400 minə yaxın insanın iştirak etdiyi onlayn səsvermənin nəticələrindən sonra Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun “İkiüzlü Yang Xun” videoçarxı qaliblərin yekun siyahısında yer alıb.

Bu barədə ADU-dan bildirilib. Qeyd olunub ki, ADU-nun Konfutsi İnstitutunun Çin dili kurslarının tələbəsi Narınc İsmayılzadə “Görkəmli mədəniyyət mükəmməlliyinə görə” xüsusi mükafata, ADU-nun Konfutsi İnstitutu isə “Görkəmli Konfutsi İnstitutu 2021” mükafatına layiq görülüb.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, institutun əsas məqsədi Azərbaycanda Çin dilini və mədəniyyətini təbliğ etmək, ölkələrimiz arasında təhsil və mədəniyyət mübadiləsini genişləndirməkdir. ADU-nun Konfutsi İnstitutunun əməkdaşları və müəllimləri, Çin tərəfdən direktor xanım Li Jihua Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində bu ölkənin ənənəvi bayramları qeyd olunur.

Xəbər lenti