Logo

Türkiyə Ali Təhsil Şurasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir

30.11.2021 18:42 296 baxış
IMG

Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Tehsil.biz xəbər verir ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib. 

Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Təhsil naziri Emin Əmrullayev qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu ifadə edib və bu görüşün iki qardaş ölkənin ali təhsil sahəsində əlaqələrinin möhkəmlənməsində mühüm addım olduğunu bildirib. 

Öz növbəsində, Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar dəvətə və səmimi qarşılanmaya görə Emin Əmrullayevə təşəkkürünü bildirib.

Görüşdə ali təhsil sahəsində mövcud əməkdaşlığa və gələcək perspektivlərə dair geniş fikir mübadiləsi aparılıb, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzdə Dövlət Proqramı" çərçivəsində 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən ikili diplom proqramı  ikitərəfli əməkdaşlığın uğurlarından biri kimi qiymətləndirilib.

Xəbər lenti