Logo

"Yaradıcı müəllim" mövzusunda təqdimat müsabiqəsinin final mərhələsi davam edir

01.12.2021 11:19 124 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva müəllimlərin növbəti təqdimatını izləyib.

Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə təşkil olunmuş final mərhələsində müəllimlər müraciət etdiyi mövzunu Münsiflər heyəti və dinləyicilərə 15 dəqiqəlik interaktiv çıxış formatında təqdim ediblər.

Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürülür. Hər bir meyar üzrə iştirakçıya 5 bal verilir.

Müsabiqənin nəticəsinə əsasən, 14 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 5 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, “Tərifnamə” və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq,  təhsilverənlərin nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.

Xəbər lenti