Logo

Professor Məhərrəm Qasımlı tələbələrə “Aşıq sənətinin böyük söz ustadı” adlı mühazirə oxuyub

01.12.2021 18:50 594 baxış
IMG

Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Məhərrəm Qasımlı filologiya ixtisası üzrə təhsil alan tələbələrə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş  “Aşıq sənətinin böyük söz ustadı” adlı  mühazirə oxuyub.

Professor mühazirədə Aşıq Ələsgər sənətinin tarixi kökləri, bu poeziyanın möhtəşəmliyi, sənətin gələcəyi barədə ətraflı söz açıb. Qeyd edib ki,  Azərbaycan aşıq sənətinin ən görkəmli simalarından biri olan Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib. Ötən əsrin 30-cu illərində aşıq poeziyası ilə bağlı işıq üzü görən ilk kitab da məhz Aşıq Ələsgərin kitabı olub. Ondan sonra da hər onillikdə Aşıq Ələsgərin irsi ilə bağlı kitablar nəşr olunub. Bu istiqamətdə Əhliman Axundovun, Məmmədhüseyn Təhmasibin, İslam Ələsgərin çox dəyərli işləri olub. Amma ən qiymətli iş və ümumiyyətlə, bu istiqamətdə güclü yönəldilmə 70-ci illərdən başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı ulu öndər Heydər Əliyevin göstərişi əsasında həm Bakıda, həm də Moskvada – Kreml Sarayında tədbir keçirilib. Heydər Əliyevin siyasi nüfuzunun nəticəsi olaraq Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldılıb. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olunub.

Məhərrəm Qasımlı deyib: “Mən Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı sərəncamını çox yüksək qiymətləndirirəm. Ona görə ki, pandemiya dövründə mədəniyyətə xüsusi diqqətin olması, ölkəmizdə həm “Nizami ili” elan edilməsi, həm də Dədə Ələsgərin yubileyinin keçirilməsi fövqəladə hadisədir. Bu mənada sərəncam dövlətimizin yeritdiyi humanitar siyasətin nə qədər əhəmiyyətli olduğunu göstərir”.

Xəbər lenti