Logo

“Universitet kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi”

03.12.2021 10:25 451 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə “Universitet kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

Elmi seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov bildirib ki, hazırda ali məktəb kitabxanalarının informasiya resurslarının modelləşdirilməsi beynəlxalq təcrübədə geniş yayılmışdır. O, bu sahədə dünya təcrübəsindən bəhrələnməyin vacibliyini qeyd edərək, ölkəmizdə bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs etmişdir.

Elmi seminarda BDU-nun Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının dosenti Rəşad Qardaşov mövzu ilə bağlı məruzə edib. Məruzədə XXI əsrdə informasiya texnologiyalarının, rəqəmsal məzmunlu informasiyaların inkişaf tendensiyasından və dinamikasından bəhs olunub, ali məktəb kitabxanalarının bu prosesdəki rolu şərh edilib. Modern universitet kitabxanasının modeli, strukturu, potensial imkanları və hədəfləri barədə məlumatlar diqqətə çatdırılıb. Universitet kitabxanalarının təhsilin  və elmi  tədqiqatların vahid informasiya platformasının formalaşmasındakı rolu Amerika və Avropa ölkələrinin təcrübələri əsasında təhlil edilib.

Tədqiqatçı bəhs olunan istiqamət üzrə Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının, ADA Universiteti Kitabxanasının və Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətini tədqiqata cəlb etdiyini bildirmiş, həmin kitabxanalara göndərilmiş müvafiq sorğulara aldığı cavablar əsasında apardığı müqayisəli təhlillər, aldığı nəticələr barədə seminar iştirakçılarına məlumat vermişdir.

Rəşad Qardaşovun məruzəsi polemikalara səbəb olmuş, məruzə ətrafında geniş müzakirələr aparılmışdır. Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının direktoru, dosent Nigar İsmayılova, ADA Universiteti Kitabxanasının direktoru, texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva, AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı Aygün Səfərova, BDU-nun kafedra müdirləri Sevda Xələfova, Elçin Əhmədov məruzə ilə bağlı fikirlərini bildiriblər.

Xəbər lenti