Logo

BDU Taras Şevçenko adına Kiyev Milli Universiteti ilə əməkdaşlıq edəcək

03.12.2021 14:29 375 baxış
IMG

Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov Bakı Dövlət Universitetində (BDU) olub.

Rektor Elçin Babayev BDU-nun beynəlxalq əməkdaşlığından, dünyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Ukrayna universitetləri ilə ikitərəfli əlaqələrindən danışıb. Rektor ölkələr arasında getdikcə daha da artan əməkdaşlığın bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil sahəsində də yüksək səviyyədə olduğunu qeyd edib.

Volodimir Buqrov qəbula görə Elçin Babayevə təşəkkür edib, iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin elm, təhsil sahəsində əməkdaşlıqda da ön planda olduğunu bildirib.

Daha sonra iki ali məktəb arasında anlaşma memorandumu imzalanıb. Sənədi BDU-nun rektoru Elçin Babayev və Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov imzalayıblar.

Memorandumda universitetlər arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində birgə əməkdaşlığın qurulması nəzərdə tutulur. Müqavilənin məqsədi universitetlər arasında elm, təhsil, mədəniyyət sahələrində müştərək layihələrin icra edilməsi, elmi-tədqiqat işlərində əməkdaşlıq, kadr mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfransların, sərgilərin, seminarların, simpoziumların, təlimlərin birgə təşkilindən ibarətdir.

Qeyd edək ki, Taras Şevçenko adına Kiyev Milli Universiteti çoxsahəli elm və təhsil kompleksdir. Onun bazasında 14 humanitar və təbiət elmləri istiqamətli fakültə və 7 tədris institututu fəaliyyət göstərir. Universitetdə təxminən 27 min tələbə təhsil alır. 70 ixtisas və 153 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Xəbər lenti