Logo

BANM-in “Schlumberger”də çalışan məzunu: “BANM-ə daxil olan istənilən tələbə uğurlu məzun olmaq potensialındadır”

04.12.2021 11:17 612 baxış
IMG

“Bakı Ali Neft Məktəbi mənim üçün həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. BANM-də həm maraqlı, həm əyləncəli, həm də gərgin keçən illərlə bağlı çox xatirələrim var”. 

Bakı Ali Neft Məktəbinin (BANM) uğurlu məzunlarından biri İsrafil Cəbrayılov belə deyir. 

O, BANM-in Neft-qaz mühəndisliyi ixtisasının 2019-cu il məzunudur. Təhsil aldığı müddətdə bir il “SOCAR Polymer” şirkətində Mexanika üzrə kiçik mühəndis kimi işləyib. Hazırda nəhəng  "Schlumberger" şirkətində Quyuların sementlənməsi üzrə sahə mühəndisi vəzifəsində çalışır.

Doğma Ali Məktəbini yaranmasının 10 illiyi münasibəti ilə təbrik edən İsrafil Cəbrayılov BANM-in ona yüksək səviyyəli təhsillə yanaşı, zəngin bilik, təcrübə və bacarıqlar qazandırdığını vurğulayır:

“BANM mənə xoş anlar, gələcəyim üçün önəmli olan biliklər, dostlar və təbii ki, gərgin, çətin şərtlər altında mübarizə aparmaq bacarığı qazandırdı. BANM-ə daxil olan istənilən tələbə uğurlu məzun olmaq potensialındadır. Sadəcə heç vaxt təslim olmadan yüksək motivasiya ilə mübarizə aparmaq, özünə inanaraq səhvlərindən nəticə çıxarıb öyrənmək və əlavə olaraq da bu sahədə təcrübəsi olan şəxslərlə müzakirələr aparmaq lazımdır”.

İnsanın gələcək uğurunda təhsilin böyük rolu olduğunu əlavə edən İsrafil Cəbrayılov BANM-in Azərbaycana çox sayda intellektual əsgər qazandırdığını fəxrlə bildirir. Bu baxımdan o, BANM-də təhsil aldığı üçün özünü şanslı hesab edir:

“BANM-də aldığım biliklər mənə özümü inkişaf etdirməkdə çox kömək olub. Bundan əlavə, BANM-də bir daha əmin oldum ki, dərslərin keyfiyyətli olması müəllim-professor heyətinin yüksək səviyyəsi, tələbələrin bilikli, savadlı olması ilə yanaşı, onların verdiyi motivasiyadan da asılıdır. Çox güclü müəllimlərdən dərs ala bildiyim, güclü tələbələrlə bir yerdə təhsil aldığım üçün özümü çox şanslı hesab edirəm”.

Xəbər lenti