Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür. Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bütün respublikada bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında da Vətən yolunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dərin hörmət və ehtiram nümayiş olunub.
Akademiya rəisi Qulu Novruzov bildirib ki, Azərbaycan bütün dünyaya işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadir olduğunu göstərdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünü başlatdı. 28 illik həsrətdən sonra çətin relyefə malik Şuşa şəhərinin azad olunması zamanı igid zabit və əsgərlərin göstərdiyi misilsiz qəhrəmanlıqdan söz açan Akademiya rəisi qeyd edib ki, şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz nəcib xilaskar missiyasını, Vətəni qorumaq, torpaqları işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi.
Qulu Novruzov Allahdan bütün şəhidlərimizə rəhmət və yaralı hərbçilərimizə şəfa diləyib.