Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi bölgələrdə yerli ali təhsil müəssisələrinə öz dəstəyni davam etdirir.
BMqT-nin Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində yerli qurumlar və ali təhsil müəssisələrinin region gənclərinin təhsil və peşə hazırlığı sahələrindəki fəaliyyətlərini dəstəkləməkdə davam edir.
Belə ki, BMqT yerli tərəfdaşlarla işbirliyi çərçivəsində Lənkəran Dövlət Universitetində “USAID LAB” adlı İT / Kompyuter dərsləri üçün mərkəz yaradıb.
Laboratoriya 17 ədəd kompyuter, daxili proyektorlu interaktiv lövhə və lazımi mebellər ilə təmin edilərək qurulub.
COVID-19-un yayılması nəticəsində məsafədən və rəqəmsal platformalarda həyata keçirilən elektron təhsilin yüksəlişi ilə tədris forması kəskin şəkildə dəyişib. Bu baxımdan, adıçəkilən laboratoriya pandemiya sonrası dövrdə Universitetin onlayn dərslər vermə imkanlarını daha da genişləndirəcək. “USAID LAB” universitetin tələbə və müəllim heyəti tərəfindən istifadə ediləcək.