Logo

Bakı Ali Neft Məktəbinin hərbçi professoru Silahlı Qüvvələrdən ehtiyata buraxılıb

06.12.2021 10:27 373 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi kafedrasının professoru, hərbi-cərrah Kənan Yusif-zadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) sıralarında uzun illər xidmət etdikdən sonra həqiqi hərbi xidmətdən tərxis olunaraq ehtiyata buraxılıb. Onun hərbi karyerası 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər qazanmaq və Azərbaycanın işğal altındakı torpaqlarının 30 il davam edən erməni işğalından azad edilməsi ilə yekunlaşıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə Vətən Müharibəsi zamanı vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş hərbi qulluqçularla bərabər tibb xidməti polkovniki Kənan Yusif-zadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Orduda xidmətlə yanaşı Kənan Yusif-zadə  Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun (APIMSF)  prezidenti vəzifəsində, Hərbi Hospitalın rəisi və DSX-nın Hərbi Tibb İdarəsinin rəisi vəzifələrində çalışıb. O, 2018-ci ildə “Azərbaycan Hərbi Cərrahlar Cəmiyyəti”ni təsis edib. Bir çox nəşrlərin müəllifidir. 2018-ci ildə ölkədə ilk dəfə olaraq Azərbaycan dilində müəllifi olduğu “Hərbi Tibbi Terminologiyanın Dolğun İzahlı Lüğəti”ni çap etdirib.  

Kənan Yusif-zadənin Silahlı Qüvvələr sıralarında xidmət etdiyi illərdə təkcə Azərbaycanda  deyil, xaricdə də xidmətləri  yüksək qiymətləndirilib. 2018-ci ildə səhiyyənin təşkili və hərbi cərrahiyyə sahəsində xidmətlərinə görə məşhur Michael E. DeBakey mükafatına  (Walter Reed adına Milli Hərbi Tibb Mərkəzi, Bethesda, ABŞ) layiq görülüb.

2021-ci ilin 30 avqust – 3 sentyabr tarixlərində keçirilən APIMSF-nin hazırkı prezidenti Dr. Kosala Somaratnenin təşkil etdiyi Virtual Cərrahiyyə Həftəsində  moderator qismində iştirak edib və "44 günlük Qarabağ müharibəsində qarışıq xəsarətlərin idarə edilməsi" mövzusunda təqdimatla çıxış edib. Daha sonra eyni təqdimatla  Sankt-Peterburqda çıxış edib.

Kənan Yusif-zadə  hazırda mülki tibb sahəsində fəaliyyətini davam etdirir. BANM-in professoru Hərbi tibb və cərrahiyyənin təşkili ilə bağlı təcrübələrini tələbələrlə bölüşür.

Xəbər lenti