Logo

Qazi müəllim: “Vətən yolunda əlimə silah almağın qürurunu yaşayıram”

06.12.2021 12:25 661 baxış
IMG

Vətən Müharibəsi iştirakçısı olan müəllim Ceyhun Ələsgərlinin bioqrafiyasını təqdim edirik:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən Ceyhun Oktay oğlu Ələsgərli 1992-ci ildə anadan olub.

2007-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi bitirib. 2007-2010-cu illərdə Gəncə Humanitar Kollecində təhsil alıb.
Uşaq yaşlarından idmana həvəsi olan C.Ələsgərli kikboksinq və fudbol idman növləri ilə məşğul olaraq bir sıra uğurlara imza atıb.

İlk müəllimlik fəaliyyətinə 2018-ci ildə Ağsu rayonu Təklə kənd tam orta məktəbində başlayan C.Ələsgərli 2019-cu ildən Bakı şəhəri 274 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır.

C.Ələsgərli Vətən Müharibəsi başlayan kimi könüllü olaraq döyüş bölgəsinə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsindəki xidmətlərinə görə o, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Gənc müəllim kimi Vətən Müharibəsində iştirak etməyin, Vətən yolunda əlinə silah almağın sonsuz  qürurunu yaşadığını deyən C.Ələsgərli onun yetirmələri olan şagirdlərin gələcəkdə bir qəhrəman və bir vətənpərvər şəxsiyyət olacaqlarına əminliyini bildirir.

Xəbər lenti